QAN YADDAŞI
Tbilisidə “Xocalı faciəsi insanlığa qarşı cinayətdir” adlı aksiya keçirilib
![](/files/galleryphoto/2023/1/1200x630/1677264352466233724_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16772643523551351534_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16772643971320339705_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1677264352159636851_1200x630.jpg)
Tbilisi, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Gürcüstan paytaxtı Tbilisidə “Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayətdir: tanıyaq və tanıdaq” adlı aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Gürcüstanda fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzi tərəfindən təşkil olunub. Aksiyada mərkəzin rəhbərliyi və tələbələri, habelə bu ölkədəki Azərbaycan Evinin rəhbərliyi paytaxt Tbilisinin sakinlərinə və şəhərin qonaqlarına, turistlərə Xocalı soyqırımına dair bukletlər paylayıblar. Bukletlərdə Xocalı faciəsinin səbəbləri, erməni vandalizminin acı nəticələri, eləcə də soyqırımı barədə statistik məlumatlar əksini tapıb.
“Alyans” Gənclər Mərkəzinin icraçı direktoru Rəna Hüseynova AZƏRTAC-a bildirib ki, mərkəzin tələbə və gəncləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasına fəal qoşulublar. Aksiyanın əsas məqsədi ermənilərin Xocalıda törətdikləri bu cinayətin insanlığa qarşı törədilmiş qatı cinayət olduğunu gürcü ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi