TBİLİSİDƏ XOCALI FACİƏSİ QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
Tbilisi, 22 fevral (AZƏRTAC). Fevralın 22-də Tbilisidə M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Muzeyin direktoru Leyla Əliyeva XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər yerdə olduğu kimi, Gürcüstanda da əziz tutulduğunu bildirmişdir. “Gürcüstan” qəzetinin redaktoru, Gürcüstan Azərbaycanlıları İttifaqının rəhbəri Süleyman Süleymanov XX əsrin sonlarında Xocalı adlı şəhərin bir gecədə yer üzündən silinməsinin, yüzlərlə günahsız insanın qanına qəltan edilməsinin vəhşilikdən başqa adı olmadığını vurğulamış, xalqımızın başına gətirilmiş bu faciəyə siyasi-hüquqi qiymət verilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərinə, bu istiqamətdə Azərbaycan diplomatiyasının son illər atdığı uğurlu addımlara diqqət çəkmişdir. S.Süleymanov İslam Konfransı Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” kampaniyasının gürcüstanlı azərbaycanlılar tərəfindən dəstəkləndiyini demiş, erməni qəsbkarları tərəfindən ölkənin zəbt olunmuş ərazilərinin azad olunacağına qəti əminlik yarandığını bildirmişdir.
Tədbir iştirakçıları erməni işğalçılarının vəhşiliklərini pisləmiş, Azərbaycanın haqq işini dəstəklədiklərini, Prezidenti İlham Əliyevin yürütdüyü balanslaşdırılmış siyasət nəticəsində tezliklə Qarabağın azad olunacağına əmin olduqlarını bildirmişlər.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi