TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 11 ayda 40 milyon 277 min xidmət göstərilib
Bakı, 20 dekabr, AZƏRTAC
Növbəti ildən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində rəqəmsallaşdırılma işlərinin yekunlaşdırılmasını və dövlət proqramlarının icrasını, həmin proqramlarda nəzərdə tutulmuş qaydada dərman vasitələrinin təchizatını təmin edəcək, habelə tibb müəssisələrinin dayanıqlı maliyyələşdirilməsi ilə bağlı təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “TƏBİB - Tibdə müasir keyfiyyət mərhələsi: Real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransında deyib. Konfransda TƏBİB-in bir illik hesabatı və veb saytı təqdim edilib.
İcraçı direktor bildirib ki, “2022-ci ildə səhiyyə sisteminin, təcili tibbi yardım xidmətinin, kadr siyasətinin təkmilləşdirilməsi, tibb işçilərinin əməkhaqqılarının artırılması və digər istiqamətlərdə TƏBİB tərəfindən müvafiq addımlar atılıb. Bu istiqamətdə işlər gələn il də davam etdiriləcək”.
V.Qurbanov 2023-cü ildə TƏBİB-in qarşıya qoyduğu məqsədlərdən də söz açıb:
“Ana və uşaq sağlamlığı ilə bağlı neqativ halları azaltmaq, tibbi xidmətlərin əlçatanlığını genişləndirmək, tibbi ərazi bölmələrinin mərkəzlərində regional çoxprofilli xəstəxanaların qurulması, tibb müəssisələrinin dərman təchizatını yaxşılaşdırmaq və müasir tibbi avadanlıqlar ilə təmin etmək, tibbi xidmətlərin göstərilməsində həssas əhali qrupuna (qazi, şəhid ailəsi, əlillər) diqqəti daha da artırmaq və vətəndaşların tibbi xidmətlərdən məmnunluq səviyyəsini yüksəltmək əsas məqsədlərimizdən biridir”.
Daha sonra çıxış edən TƏBİB-in Tibbi statistika və analitika şöbəsinin müdiri Kamran Qasımov TƏBİB-in fəaliyyəti ilə bağlı hesabatı təqdim edib. TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionar, ambulator, laborator xidmətlərin, cərrahi əməliyyatların, eləcə də həkimə gəlişlərin sayı açıqlanıb. Qeyd edilib ki, cari ilin 11 ayı ərzində TƏBİB-in tabeli tibb müəssisələrində 40 milyon 277 min 4 xidmət göstərilib ki, onun 33 milyon 888 min 773-ü ambulator, 6 milyon 388 min 231-i isə stasionar tibbi xidmətin payına düşüb. Həkimə gəlişlərin sayı 7 milyon 214 min 551 təşkil edib. Tabeli tibb müəssisələrində 11 ayda 292 min 320 əməliyyat icra olunub. Laborator xidmətlərin sayı 8 milyon 522 min 701 olub. Cari il ərzində TƏBİB-in tibb müəssisələrinə 12 min 440 tibb işçisi işə qəbul olunub.
Tədbirdə TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova TƏBİB-in yeni yaradılan veb-saytını ( www.tabib.gov.az ) təqdim edib:
“Vətəndaşlar kompüter və mobil cihazlardan saytımızı rahatlıqla ziyarət edə bilərlər. Demək olar ki, böyük kütlə tərəfindən istifadə edilən çox sayda cihaz ölçüləri nəzərə alınıb və cihazın ekran ölçülərinə görə uyğunlaşması təmin edilib. Ziyarətçilərin səhifələrdə yorulmadan hərəkətini əsas götürmüşük, eşitmə, görmə və hərəkət qabiliyyəti məhdud olan insanların da veb-saytımıza daxil olmaq, buradakı məlumatlardan faydalanmaq imkanı yaradılıb. Saytdakı şəxsi kabinet, laborator analizlərin nəticələri, peyvənd randevu sistemi kimi elektron xidmətlər istifadəçi rahatlığına hesablanıb”.
Z.Ədilova qeyd edib ki, intensiv olaraq saytın funksionallığı genişləndiriləcək. Şöbə müdiri bu gündən etibarən, həm də TƏBİB-in Çağrı mərkəzinin istifadəyə verildiyini bildirib. “Vətəndaşlar 815 qısa nömrəsinə zəng etməklə TƏBİB-ə müraciət edə bilərlər”, - deyə o qeyd edib.
Mətbuat Şurasının sədri Rəşad Məcid son dövrlərdə dünyada böhran vəziyyətinin idarəedilməsi prosesində sosial şəbəkələrin, eləcə də internet resurslarının əhəmiyyətini qeyd edərək, önəmli səhiyyə qurumunun internet platformasının istifadəyə verilməsini yüksək qiymətləndirib.
O, TƏBİB-in yarandığı gündən etibarən vətəndaşların sağlamlığının qorunması, bütün dünyanı cənginə alan virusla mübarizə tədbirləri, cəbhə xəttində müqəddəs həkimlik peşəsindən irəli gələn vəzifələrin icrası fonunda rəsmi kommunikasiya resursunun bir qədər gec ərsəyə gəlməsinin anlaşılan olduğunu qeyd edib.