TƏBİB-in uğurlu fəaliyyət göstərməsi əhalinin keyfiyyətli xidmətdən yararlanmasına birbaşa təsir edir
Bakı, 20 dekabr, AZƏRTAC
İcbari tibbi sığorta sisteminə keçidlə bağlı görülən ən mühüm tədbirlərdən biri də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yaradılması oldu. TƏBİB-in fəaliyyətə başlaması COVID-19 pandemiyası və İkinci Qarabağ müharibəsinə təsadüf etdi. Yeni yaradılmış quruma tibb müəssisələrində tibbi xidmətin təşkili ilə bağlı mühüm vəzifələr həvalə edildi. Çox böyük çağırışlar var idi. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB-in təsisçisi kimi ilkin vaxtlarda TƏBİB-in bir çox funksiyalarını özü həyata keçirməli olurdu. Həmin vaxt 4 il idi ki, agentlik fəaliyyət göstərirdi. Üç inzibati ərazidə icbari tibbi sığorta pilot layihə kimi tətbiq edildiyindən bu sahədə müəyyən təcrübəmiz var idi. Bütün çətinliklərə baxmayaraq, ölkə rəhbərliyinin bizə göstərdiyi dəstək, fəaliyyətimizin əzmkarlığı bizə imkan verdi ki, qarşımıza qoyulan vəzifələrin öhdəsindən layiqincə gələk. Qısa müddət ərzində strukturu formalaşdırdıq, TƏBİB-in tabeliyindəki tibb müəssisələrinin fəaliyyəti ilə bağlı optimallaşdırma işləri apardıq, sıralarımıza təcrübəli kadrlar cəlb etdik.
AZƏRTAC xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev TƏBİB-in 5 illik fəaliyyətinə həsr olunan hesabat tədbirində deyib.
"Qeyd etmək lazımdır ki, bir sıra məsələlərin həllində, xüsusən COVID-19 pandemiyası dövründə müxtəlif dövlət qurumları, başda Prezident Administrasiyası, Nazirlər Kabineti və Səhiyyə Nazirliyi bizə dəstək olub.
Sevindirici haldır ki, TƏBİB artıq müstəqil qurum kimi fəaliyyət göstərir və tabeliyinə verilən dövlət tibb müəssisələrinin idarəedilməsini həyata keçirir. TƏBİB-in uğurlu fəaliyyət göstərməsi əhalinin keyfiyyətli xidmətdən yararlanmasına birbaşa təsir edir. İcbari tibbi sığorta çərçivəsində əhaliyə tibbi yardımın göstərilməsində əsas yük TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə düşür. Buna görə də TƏBİB-lə qarşılıqlı əməkdaşlıq etməkdə, bir məqsədə xidmət edərək - əhalinin vaxtında, keyfiyyətli xidmətlə təmin edilməsində, vətəndaşların səhiyyə ilə bağlı xərclərinin azaldılmasında maraqlıyıq.
Hesab edirəm ki, TƏBİB-in idarə etdiyi tibb müəssisələrinin rəqabətədavamlılığı əhəmiyyətli dərəcədə artırılmalı, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə çalışılmalıdır. Qoyulan hədəflərə çatmaq üçün bu gün biz səmərəli əməkdaşlıq edirik. Agentlik dövlət tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tibbi avadanlıqlarla təchizatının yaxşılaşdırılması istiqamətində TƏBİB-ə dəstək göstərir. Ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanandan bu günədək agentlik tərəfindən dövlət tibb müəssisələri üçün 400 milyon manatdan çox məbləğdə yeni cihaz, avadanlıq, müxtəlif dərman vasitələri, 349 sayda təcili tibbi yardım avtomobili alınıb. Dövlət səhiyyə sisteminə aid tibb müəssisələrində idarəetmənin və tibbi xidmətlərin təkmilləşdirilməsi ilə bağlı görülən tədbirlərə göstərdiyimiz dəstək bundan sonra da davam edəcək", - deyə Z.Əliyev bildirib.