Tədqiqatçılar Antarktidanın buz təbəqəsiz landşaft xəritəsini yaradıblar
Bakı, 7 aprel, AZƏRTAC
Buz ən soyuq qitənin quru hissəsinin təqribən 98 faizini örtür. Lakin qeyri-adi vizuallaşdırma metodları sayəsində biz Antarktidanın buz təbəqəsi olmadan necə görünməsini daha dərindən başa düşə bilərik.
“Bedmap2” xəritəsi səthin hündürlüyü, buzun qalınlığı və yerli süxurların topoqrafiyası barədə NASA və Britaniya Antarktika Xidmətinin peyk, təyyarə və yerüstü çəkilişlərin köməyi ilə toplanan çoxsaylı məlumatların birləşdirilməsi sayəsində 2013-cü ildə yaradılıb.
Xəritədə görünür ki, Antarktika buz sipərinin altındakı boş torpaq - dağ silsiləsi, dərə və kələ-kötür relyeflə örtülmüş düz olmayan yerdir. Maraqlıdır ki, regionlardan biri, məhz Viktoriya Torpağındakı Berda buzlağının altında, dəniz səviyyəsindən 2870 metr aşağı dərinlikdə yerləşir. Məhz bu nöqtə Yer kürəsinin hər hansı qitə plitəsində ən aşağı nöqtədir.
AZƏRTAC bu barədə xarici ölkə KİV-lərinə istinadla xəbər verir.
Britaniya Antarktika Xidmətinin əməkdaşı Piter Fretvell bu barədə fikirlərini bölüşüb: “Unikal detallaşdırılmaya malik xəritə Antarktida buz örtüyü altında təməli göstərir. Əvvəllər bizdə müəyyən yerin ümumi təsviri var idi, lakin bu yeni xəritə relyefin özünü də dəqiq göstərir”.
Tədqiqatçılar qarın içindən keçmək, buzun qalınlığı və buzaltı topoqrafiyanı öyrənmək qabiliyyətinə malik radardan istifadə ediblər. Bu mühitin formasını anlamaq çox mühümdür, çünki o, buzun paylanmasına, eləcə də iqlim dəyişmələri ilə bağlı okeanların və havanın temperaturunun artması şəraitində onun necə əriməsinə öz təsirini göstərir.
Mütəxəssislər izah edir ki, buz örtüyü qar sayəsində artır, boşqaba tökülən bal kimi ətrafa yayılır və öz ağırlığının təsiri altında nazikləşir. Buna görə də səthin forması buzun necə yayılmasına təsir edən mühüm naməlum amildir.
“Bedmap2”nin məlumatları göstərir ki, Antarktidada 27 milyon kub kilometr donmuş su mövcuddur. Əgər bunlar əriyərsə, o halda dəniz səviyyəsinin təqribən 58 metr artmasına gətirib çıxara bilər.
İndiki iqlim proqnozlarında bütün Antarktika buz örtüyünün tam əriməsi təxmin edilməsə də, onun olduqca sürətlə və tədricən əriməsi aşkardır.
Son dəyərləndirmələrə görə, Antarktida və Qrenlandiyada buzlaqların əriməsi nəticəsində dünya okeanının səviyyəsi hər il 4 millimetr qalxır. Bu, onların fikrincə, BMT-nin iqlim dəyişmələri üzrə Hökumətlərarası ekspertlər qrupunun təklif etdiyi “ən pis ssenari”yə demək olar ki, uyğun gəlir.
Alimlər hazırda “Bedmap3”ün daha yaxşı versiyası üzərində işləyirlər. Məqsəd buz qatının qalınlığı və Antarktika altındakı mühit barədə daha çox məlumat toplamaqdır.