TEHRANDAKI SƏFİRLİYİMİZ RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİRLƏR KEÇİRMİŞDİR
Səfir Abbasəli Həsənov yerli və xarici ölkə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mətbuat konfransı təşkil etmişdir. Mətbuat nümayəndələrinə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və süqutunun səbəbləri barədə ətraflı məlumat verən səfir Azərbaycan-İran ikitərəfli münasibətləri ilə bağlı jurnalistləri maraqlandıran suallara da cavab vermişdir.
Mayın 27-də bayram münasibətilə səfirlikdə geniş tədbir keçirilmişdir. Tədbirdə İranın müxtəlif dövlət orqanlarının nümayəndələri, o cümlədən kooperasiya naziri, İran-Azərbaycan müştərək iqtisadi komissiyasının İran tərəfindən həmsədri Ə.Sufi, tikinti və şəhərsalma naziri Ə.Əbdüləlizadə, Qərbi Azərbaycan valisi C.Ənsari, İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi M.Səfəri və parlamentin - İslam Şurası Məclisinin azərbaycanlı deputatları iştirak etmişdir.
Tədbirin ikinci hissəsinə isə İran İslam Respublikasında akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların əməkdaşları, mətbuat nümayəndələri dəvət olunmuşdular.
Qonaqlara səfirliyin daxili imkanları hesabına nəşr olunan kitablar, üç dildə çap edilmiş “Azərbaycan Xalq Cümhuriyyəti – Şərqin ilk demokratik Respublikası” adlı bülleten paylanmışdır.
İncəsənət ustalarımızın - Mənsum İbrahimovun, Səkinə İsmayılovanın, tarzən Elçin Həşimovun, kamançaçalan Elnur Əhmədovun, habelə Təbriz şəhərindən gəlmiş azərbaycanlı aşıqlar qrupunun ifa etdikləri musiqi nömrələri qonaqlar tərəfindən rəğbətlə qarşılanmışdır.