Təhsil Kompleksində tədbir: Qana boyanan gecə...
Bakı, 25 fevral, AZƏRTAC
Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Qana boyanan gecə...” adlı tədbir keçirilib.
Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova 28 il bundan öncə qəsbkar ermənilərin törətdikləri Xocalı qırğınının dəhşətlərindən danışıb. Qeyd edilib ki, soyqırımı nəticəsində o qanlı gecədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib.
Direktor Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra verildiyini xatırladıb.
Bəşəri cinayət olan Xocalı faciəsinin qan yaddaşımızda silinməz iz qoyduğunu deyən S.Xanlarova bu faciə ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının rolunu vurğulayıb.
Digər çıxış edənlər də bədnam ermənilərin torpaqlarımızda törətdikləri vəhşiliklərdən, insanlığa qarşı qəddarlıqlarından bəhs ediblər.
Sonra Təhsil Kompleksinin şagirdləri tərəfindən Xocalı soyqırımı haqqında ədəbi-bədii kompozisiya təqdim olunub.