ELM VƏ TƏHSİL
Təhsil Nazirliyi:“Qaynar xətt” xidmətinə ötən ay daxil olan 12 müraciət araşdırılıb
Bakı, 18 fevral, AZƏRTAC
Bu ilin yanvar ayında Təhsil Nazirliyinin xüsusi hallarla bağlı 146-2 “Qaynar xətt” xidmətinə 12 müraciət daxil olub.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Bakı, Sumqayıt və Şəki şəhərlərinin, Ağdam, İmişli və Lənkəran rayonlarının məktəblərindən daxil olan bu müraciətlər əsasən şagirdlər arasında qısnama halları və ya şagird-müəllim arasında yaranmış münaqişə vəziyyəti ilə bağlıdır.
Təhsil Nazirliyinin tapşırığına əsasən, müraciətlər şagirdlərin, onların valideynlərinin və müəllimlərinin iştirakı ilə yerində dərhal araşdırılıb. Araşdırma nəticəsində Bakı şəhərindəki 167, 56 və 192 nömrəli, Ağdam rayonu S.Həsənov adına Əfətli kənd, İmişli rayonu F.Rəhimov adına Cəfərli kənd 2 nömrəli tam orta məktəblərdə təsdiqini tapmış hallar həmin ümumi təhsil müəssisələrinin pedaqoji şuralarının müzakirəsinə çıxarılıb. Fəaliyyətində nöqsanlara yol vermiş 5 məsul şəxsə töhmət verilib.