ELM VƏ TƏHSİL
Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Toyota Absheron Centre” MMC ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Bakı, 28 iyul, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) avtomobillərin təmiri çilingəri peşə ixtisası üzrə vətəndaşların qeyri-formal və informal təhsil yolu ilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübələrin tanınması məqsədilə “Toyota Absheron Centre” MMC ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
TKTA-dan AZƏRTAC-a bildirilib ki, əməkdaşlığın əsas məqsədi müvafiq ixtisasın tanınması üzrə keçiriləcək praktiki imtahanlar üçün istehsalat sahəsinin ayrılması, həmçinin imtahanda istifadəsi zəruri olan alət, material və avadanlıqların, işlək vəziyyətdə olan maddi-texniki bazanın təmin edilməsidir.
Praktiki bacarıqların nümayiş olunacağı istehsalat sahələrinə qoyulan tələb və standartlara uyğun gələn “Toyota Absheron Centre” MMC-nin texniki dəstəyi ilə Agentlik avtomobillərin təmiri çilingəri ixtisası üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşların təhsil haqqında müvafiq sənəd əldə etməsinə və cəmiyyətin bu prosesdən daha səmərəli faydalanmasına öz töhfəsini verəcək.