Tələbələrə iqlim dəyişmələrinin ətraf mühitə təsiri ilə bağlı məlumat verilib
Bakı, 15 may, AZƏRTAC
Beynəlxalq İqlim Günü ilə əlaqədar Gəncə Dövlət Universitetində “İqlim dəyişmələrinin biomüxtəlifliyin qorunmasına təsiri” mövzusunda görüş keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, universitetin rəhbər heyətinin, müəllimlərin iştirakı ilə keçirilən görüşdə Göygöl Milli Parkının əməkdaşları tərəfindən tələbələrə iqlim dəyişmələrinin ətraf mühitə, həmçinin biomüxtəlifliyə təsiri, iqlimə uyğunlaşma, iqlim dəyişmələrinin fəsadları ilə bağlı məlumatlar verilib.
Görüşdə iştirakçılara, həmçinin xüsusi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyətindən, biomüxtəlifliyin qorunmasının aktuallığından, bu istiqamətdə görülən işlərdən bəhs edilib, gənclərin ekoloji maarifləndirilməsinin önəmi vurğulanıb və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.