TƏLƏBƏLƏRİMİZ AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİ TƏBLİĞ EDİRLƏR
Cəmiyyət tərəfindən fransız dilində buraxılmış səkkiz səhifədən ibarət bülletenin növbəti sayında dərc olunmuş müxtəlif səpkili materiallar Azərbaycan barədə fransız oxucularında geniş təsəvvür yarada bilmişdir.
Bülletenin ilk səhifəsində cəmiyyətin prezidenti, Rober Şuman Universitetinin tələbəsi Rahib Vəliyevin “Azərbaycan-Fransa: əməkdaşlıq güclənir” sərlövhəli məqaləsində iqtisadi sahədə iki ölkə arasında əməkdaşlığın inkişafından söhbət açılmışdır. Digər yazılarda Strasburqdakı Azərbaycan icmasının fəaliyyətindən bəhs olunmuş, IX əsrdə Abbasilər xilafəti dövründə fransızların ilk dəfə ölkəmizə maraq göstərməsi, XIX əsrdə Fransa ilə Azərbaycan arasında ticarət əlaqələri ilə yanaşı, mədəni əlaqələrin inkişafında yeni mərhələnin başlanması, bu sahədə İ.Qutqaşınlı, M.F.Axundov, M.C.Topçubaşov, M.Kazımbəy, M.Şahtaxtinski, A.Səhhət və C.Hacıbəyli kimi xadimlərin xidmətləri, fransız şərqşünaslarının dahi şairimiz N.Gəncəvi yaradıcılığına xüsusi maraq göstərməsi, görkəmli bəstəkarımız Ü.Hacıbəyovun yaradıcılığı və Novruz bayramı barədə ətraflı məlumat verilmişdir.
Ölkəmizin ərazisinin 20 faizini işğal etmiş və bir milyondan artıq soydaşımızı silah gücünə ata-baba yurdundan çıxararaq qaçqın və məcburi köçkün vəziyyətinə salmış ermənilərin XX əsrdə azərbaycanlılara qarşı apardıqları soyqırımı siyasətindən bəhs edən “Azərbaycanlılara qarşı soyqırımı” adlı yazının müəllifi Şahin Yusifov “Böyük Ermənistan” ideyası ilə yaşayan mənfur qonşularımızın işğalçılıq siyasətini zəngin faktlar əsasında fransızlara çatdıra bilmişdir. Müəllif 1918-1920-ci illərdə Andronik, Amazasp, Njde və Dro kimi qaniçən cəlladların başçılıq etdikləri dəstələrin Azərbaycanın müxtəlif bölgələrində minlərlə dinc azərbaycanlını qətlə yetirmələrini göstərmişdir. Məqalədə Xocalı faciəsindən də bəhs olunmuşdur.
Strasburqda təhsil alan tələbələrimizin bu təşəbbüsü təqdirəlayiqdir.