Təlim-məşq kompleksində işlər yekunlaşmaq üzrədir
Naxçıvan, 16 mart, AZƏRTAC
Naxçıvan Futbol Federasiyasının təlim-məşq kompleksində aparılan tikinti işləri yekunlaşmaq üzrədir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Uzunoba gölünün ətrafındakı ərazidə tikintisinə ötən ilin avqust ayında başlanılan kompleksdə inşaat işləri fasiləsiz olaraq aparılıb.
Federasiyanın təlim-məşq kompleksinin ərazisində yerləşən iki tribunadan ibarət çimərlik futbolu stadionu, inzibati bina tam hazır vəziyyətdədir. Eyni zamanda tribunaların daxilində paltardəyişmə, hakim və həkim otaqlarında yekun işlər görülüb. Üstüörtülü və hasara alınmış minifutbol meydançalarında, böyük futbol stadionunda isə son tamamlama işləri aparılır. Türkiyə Cümhuriyyətindən gətirilmiş qranul və xüsusi qum artıq meydançalara səpilib, stadionlarda aparılan darama işləri başa çatmaq üzrədir.
Ərazidə mütəmadi olaraq iməcilik keçirilir, ətraf tullantılardan təmizlənir. Eyni zamanda kompleksin ərazisində 60-a yaxın dekorativ ağac əkilib.
İnşaat işlərinin gedişinə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Futbol Federasiyası nəzarət edir.
Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda keçirilən müşavirələrdə və “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nda bu sahənin inkişafı ilə bağlı qarşıya konkret vəzifələr qoyulub. Dövlət Proqramına uyğun olaraq muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı maddi-texniki bazanın müasirləşdirilməsi və gücləndirilməsi, idmanın müxtəlif növlərinin inkişafına şəraitin yaradılması Gənclər və İdman Nazirliyi ilə aidiyyəti qurumların diqqət mərkəzindədir. Naxçıvan Futbol Federasiyasının təlim-məşq kompleksinin tikintisi də bu çərçivədə həyata keçirilir.