“Təmiz addım”la daha gözəl gələcəyə!” - Qaxda ekoloji aksiya
Qax, 1 may, AZƏRTAC
Qax Rayon İcra Hakimiyyəti, Şəki Regional Turizm İdarəsi və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qax rayonunda “Təmiz addım” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində rayonun “İlisu hamamları” ərazisində ekoloji təmizlik aksiyası təşkil olunub.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, tədbirin əsas məqsədi ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, turistik məkanların təmiz saxlanılması, ekoloji maarifləndirmə və ictimai məsuliyyətin təşviqidir.
Aksiya çərçivəsində iştirakçılar tərəfindən ərazi məişət tullantılarından təmizlənib, “İlisu hamamları” ərazisində mövcud infrastrukturun yüngül bərpası işləri icra edilib. Bu kimi təşəbbüslərin turizm bölgələrinin daha cəlbedici və səliqəli görünüş almasına mühüm töhfə verəcəyi gözlənilir.
Qeyd edək ki, “Təmiz addım” layihəsi çərçivəsində keçirilən tədbirlər ətraf mühitə məsuliyyətli yanaşmanın təşviqi, ekoloji mədəniyyətin formalaşdırılması və təbii resursların qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Layihə çərçivəsində rayonun digər turizm potensiallı ərazilərində də belə təmizlik aksiyalarının keçirilməsi davam etdiriləcək.
Müxbir – Mustafa Dadaşov