“Təmiz Şəhər” ASC Azərbaycan gimnastları üçün virtual tur təşkil edib
Bakı, 14 avqust, AZƏRTAC
“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) Milli Gimnastika Arenasında Azərbaycan yığmasının idmançıları üçün tullantıların idarə olunması mövzusunda mühazirə keçirib və “Tullantıdan sənətə” muzeyinə 360 dərəcə virtual tur təşkil edib.
Qurumdan AZƏRTAC-a bildirilib ki, “Təmiz Şəhər” ASC-nin nümayəndələri gimnastlara cəmiyyətin fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildiriblər ki, cəmiyyətin nəzdində Avropanın ən müasir zavodlarından hesab edilən Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu, alman texnologiyaları ilə inşa edilmiş Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu və sanitar normalara tam cavab verən Bərk Məişət Tullantılarının Zərərsizləşdirilməsi Poliqonu fəaliyyət göstərir.
Bununla yanaşı, idmançılara Abşeron göllərinin ekoloji bərpası layihəsi barədə geniş məlumat verilib. Qeyd edilib ki, Olimpiya stadionunun yaxınlığında yerləşən Böyükşor gölünün kompleks bərpası layihəsinin birinci fazasında onun300 hektara yaxın hissəsi bərpa olunub və ətraf ərazisi təmizlənərək abadlaşdırılıb.
Daha sonra Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda yerləşən “Tullantıdan sənətə” muzeyi barədə məlumatlar idmançıların diqqətinə çatdırılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2015-ci ildə yaradılmış həmin muzeydə 30 ölkədən olan 80-dən çox sənət adamının incəsənət əsərləri saxlanılır. Əlavə olunub ki, muzeyə olan marağı nəzərə alaraq bura gələ bilməyənlər üçün xüsusi 360 dərəcə virtual reallıq turu hazırlanıb və hər kəs “www.tamizshahar.az” internet səhifəsinə daxil olaraq bu turda iştirak edə bilər.
Sonda idmançılar xüsusi eynəklər vasitəsilə “Tullantıdan sənətə” muzeyinə 360 dərəcə virtual turda iştirak ediblər.