“Təmiz Şəhər” ASC beynəlxalq sertifikata layiq görülmüşdür
Bakı, 26 dekabr (AZƏRTAC). Dünyada tanınmış “TÜV Austria” şirkəti tərəfindən “Təmiz Şəhər” ASC bərk məişət tullantılarının idarəedilməsi fəaliyyəti üzrə ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür.
Bu barədə AZƏRTAC-a ASC-nin mətbuat xidmətindən məlumat verilmişdir.
Beləliklə, Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanan, müştərilərin tələblərinə uyğun xidmət göstərmək, reallaşdırmaq üçün mövcud olan əməliyyatların (proseslərin) sistem şəklində və yüksək keyfiyyətlə idarəedilməsinə tələblər müəyyənləşdirən ISO 9001 Keyfiyyəti İdarəetmə Sisteminin nominantları sırasına “Təmiz Şəhər” ASC-də qoşulmuşdur.
“Təmiz Şəhər” ASC öz fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdırmaq istiqamətində ciddi addımlar atır. Qısa müddətdə səhmdar cəmiyyət keyfiyyət idarəetmə sistemləri üzrə bütün qayda və təlimatları hazırlayaraq onlara riayət etməyə başlamışdır. Müstəqil auditorlar tərəfindən keçirilən yoxlamalar nəticəsində ASC-nin bütün sahələrində beynəlxalq standartların prinsiplərinə uyğunluq təsdiq olunmuşdur.
Səhmdar cəmiyyət əldə etdiyi uğurlarla kifayətlənmir və növbəti ildə ISO 14001:2004 “Ekoloji Menecment Sistemi” və OHSAS 18001:2007 peşə sağlamlığı və təhlükəsizlik üzrə menecment sistemi üzrə beynəlxalq sertifikatların alınması istiqamətində işlərini davam etdirəcəkdir.