Təranə Yusifova: Vətəndaşlarımıza hər zaman bir olmağı arzulayıram
Bakı, 24 aprel, AZƏRTAC
Məlum səbəblərdən hər kəsin evdə olduğu bir vaxtda, həm vətəndaşlarımızın əhvalını yüksəltmək, həm də öz musiqi təcrübəmizi insanlarla bölüşmək üçün bir layihə ərsəyə gətirdik. Qısa vaxtda izləyicilər bu işə müsbət reaksiya verməyə başladılar ki, bu da bizi olduqca sevindirdi. Bu səbəbdən də işimizə dəyər verən hər kəsə təşəkkür edirik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Konservatoriyasının dosenti, tələbə xorunun rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Təranə Yusifova deyib.
Xalqımızı, eləcə də sənət yoldaşlarımı koronavirusla bağlı qaydalara riayət etməyə çağıran Təranə Yusifova deyib ki, bu, ilk növbədə, vətəndaşların özlərinin sağlamlığı üçün lazımlıdır. Biz bu işdə dövlətimizə kömək etməliyik ki, dünyanı bürüyən bu bəladan az itkilərlə çıxaq.
Musiqinin insanları birləşdirən ən yaxşı vasitələrdən biri olduğunu söyləyən həmsöhbətim xor musiqisi ilə bu yaxınlığın daha da dolğun gözə çarpdığını bildirib.
“Bilirsiniz ki, bu gün insanların evdə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif təşəbbüslərə start verilib, müxtəlif layihələr reallaşdırılır. Bu istiqamətdə görülən hər bir iş, insanlara ev mühitində, çölə çıxmadan da əməkdaşlıq etməyi aşılayır, insanları vaxtı səmərəli keçirməyə çağırır. Bildirilir ki, vətəndaşlar özlərinin və doğmalarının təhlükəsizliyi naminə evdən çıxmamalıdırlar. Bunun əvəzinə şəxsi bilik və bacarıqlarını inkişaf etdirmək, yararlı fəaliyyət növləri ilə məşğul olmaq tövsiyə edilir. Mən şəxsən bundan yararlanıram. Belə ki, ilk olaraq dahi bəstəkarımız Üzeyir Hacıbəylinin əsərini Azərbaycan Milli Konservatoriyasının tələbə xoru ilə səsləndirdik. Əsər “Leyli və Məcnun” operasından idi. Evdən təqdim etdiyimiz bu ifa izləyicilər tərəfindən yaxşı qarşılandı və çox müsbət şərhlər aldıq. Mənə elə gəlir ki, insanlara doğru və xoş musiqi təqdim edə bilmişdik. İfa etdiyimiz ikinci əsər isə bəstəkar Oqtay Kazımiyə məxsus idi. Həmin əsər, ilk dəfə olaraq konservatoriyanın konsert zalında, Xalq artisti Oqtay Kazıminin 85 illik yubileyinə həsr olunmuş tədbirdə, ali məktəbimizin tələbə xorunun ifasında səslənib. Oqtay bəyin sənətinə böyük məhəbbətim olduğu üçün bu yubileyin də təşkilatçılığını öz üzərimə götürmüşdüm. Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kəriminin də dəstəyini aldıqdan sonra bu əsəri a-capella üçün işlədim. Əsəri konservatoriyanın tərkibində müəllimlərlə birgə yaratdığımız "Nur" xor kollektivi ilə hazırladıq. Daha sonra "Nur" xor kollektivinin ifasında bu əsər bir neçə dəfə səsləndi. Belə ki, bu əsəri həm öz konsertimizdə, həm də Mədəniyyət Nazirliyinin təşkil etdiyi Oqtay Kazıminin xatirəsinə həsr olunmuş Heydər Əliyev Sarayında təşkil olunmuş tədbirdə ifa etdik. Əsər ifa olunduğu müddətlərdə çox bəyənildiyindən biz bu işi daha geniş auditoriyaya təqdim etmək qərarına gəldik. Nəticədə bu günlərdə Oqtay Kazıminin bu bəstəsini online formada "Nur" xor kollektivinin ifasında sənətsevərlərə təqdim etdik. Aldığımız dəstək bizi daha da ruhlandırdı və hazırda yeni layihələr üzərində işləyirik”.
Bütün çətinliklərin tezliklər arxada qoyacağına inamını ifadə edən Təranə Yusifova deyib ki, daha da gözəl əsərlərin musiqisevərlərə çatdırılması üçün əzmlə çalışırlar.