Tərtər Rayon İcra Hakimiyyətinin baş memarı cinayət məsuliyyətinə cəlb edilib
Bakı, 1 avqust, AZƏRTAC
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının memarlıq və tikinti şöbəsinin müdiri - baş memar vəzifəsində işləyən Tofiq Kərimov vətəndaşdan rüşvət alarkən cinayət başında yaxalanıb.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Tofiq Kərimovun Tərtər şəhərində yerləşən torpaq sahəsində 2 mərtəbəli yaşayış evinin tikilməsinə icazə verilməsi üçün vətəndaşdan tələb etdiyi 33 min manat məbləğində pul vəsaitinin 25 min manatını almasına əsaslı şübhələr müəyyənləşdirilib.
Həmin vəzifəli şəxsin xidməti otağında aparılmış axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən sübutlar aşkarlanaraq götürülüb.
Faktla bağlı başlanmış cinayət işi üzrə Tofiq Kərimov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxsin digər qanunazidd əməllərinin, habelə iş üzrə digər təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.