Tərtərdə bir qrup şəhid ailəsi və Vətən müharibəsi əlili müalicəyə yola salınıb
Tərtər, 19 dekabr, AZƏRTAC
Tərtər rayonundan olan 12 nəfər şəhid ailəsi və 2 nəfər Vətən müharibəsi əlili müalicə və istirahət üçün Naftalan şəhərində yerləşən “Gold Naftalan” MMC Müalicə və Sağlamlıq Mərkəzinə yola salınıb. Onların müalicə və sağlamlıq mərkəzində müalicə kursu qəbul etmələri və istirahətləri təmin olunacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtərdə Naftalan şəhərinə yola salınan şəhid ailələri və qazilərlə görüş olub. Görüş zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi qələbədən, şanlı Zəfər tarixi yazan Vətən oğullarının qəhrəmanlığından, hərbçilərimizin əzmkarlığından, dövlət-ordu-xalq birliyindən danışılıb. Bildirib ki, ölkəmizdə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet məsələlərindən biridir. Mütəmadi olaraq şəhid və qazi ailələri ilə keçirilən görüşlərdə onların qayğıları, qarşılaşdıqları problemlər araşdırılır və yerində həll olunur.
Şəhid ailələri və Vətən müharibəsi əlilləri onlara dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sonda şəhid ailələri və Vətən müharibəsi əlilləri Naftalan şəhərinə yola salınıb. Qonaqlar müalicə və sağlamlıq mərkəzində onlar üçün ayrılmış xüsusi otaqlarda yerləşdiriliblər.