Tərtərdə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda ümumrayon tədbiri keçirilib
Tərtər, 15 iyun, AZƏRTAC
Tərtərdə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Tərtər şəhərinin mərkəzi meydandakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra rayon Mədəniyyət Mərkəzinin foyesində Ulu Öndərin Tərtər rayonuna səfərlərini əks etdirən fotostendlərə baxış olub.
Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Liderin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Ulu Öndər Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirilib.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini Rüfət Həmzəyev, Milli Məclisin deputatı Sahib Alıyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov çıxış edərək, Milli Qurtuluş Gününün əhəmiyyətindən, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərindən danışıblar.
Sonda 4 nəfər qaziyə “Vətən müharibəsi iştirakçısı” medalı, qonaqlara isə rayon icra hakimiyyətinin təşəkkürnaməsi və xatirə hədiyyəsi təqdim edilib.