Təsviri sənət istiqaməti üzrə qabiliyyət imtahanı verəcək abituriyentlərin nəzərinə
Bakı, 30 iyun, AZƏRTAC
Təsviri sənət istiqamətində 10, 11 və 12-ci komissiyalar üzrə Bakı şəhərində qabiliyyət imtahanı verən abituriyentlər (subbakalavrlar) qabiliyyət imtahanına buraxılış vərəqələrini Dövlət İmtahan Mərkəzinin (DİM) saytından çap edə bilərlər.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib.
Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, yer və saat göstərilir. 10, 11, 12, həmçinin 15-ci komissiyalardan qeydiyyatdan keçmiş abituriyentlər iki fəndən imtahan verirlər. 10, 11 və 15-ci komissiyalar üzrə abituriyentlər rəsm və rəngkarlıq, 12-ci komissiya üzrə isə rəsm və yapma fənlərindən qabiliyyət imtahanı verirlər. Rəsm fənnindən 6 bal və daha yuxarı qiymət almış abituriyentlər ikinci fənn üzrə qabiliyyət imtahanında iştirak edirlər. 14-cü komissiya üzrə imtahan verən abituriyentlərin qabiliyyət imtahanına buraxılış vərəqələri növbəli şəkildə ardıcıllıqla yerləşdirilir. 14-cü komissiya üzrə qeydiyyatdan keçmiş, iyulun 6-7-də qabiliyyət imtahanında iştirak edəcək abituriyentlərin növbəti hissəsi imtahana buraxılış vərəqəsini çap edə bilərlər. 15-ci komissiyanın müsbət qiyməti 14-cü komissiyaya da şamil olunur. Hər iki komissiya üzrə qeydiyyatdan keçmiş və 15-ci komissiya üzrə müvəffəq qiymət almamış abituriyentlərin 14-cü komissiya üzrə qabiliyyət imtahanına buraxılış vərəqəsi tezliklə abituriyentlərin qeydiyyatdan keçdiyi səhifəyə yerləşdiriləcək.
Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
- Şəxsiyyəti təsdiq edən sənədin əsli
- Qabiliyyət imtahanına buraxılış vərəqəsi
Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2026-cı ildə çap olunan xüsusi buraxılışlarında verilib.
Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz. Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də müəyyən olduqca cədvələ əlavə ediləcək.