SİYASƏT
“Theparliamentmagazine.eu”: Azərbaycanla əlaqələrin normallaşdırılması vacibdir
![“Theparliamentmagazine.eu”: Azərbaycanla əlaqələrin normallaşdırılması vacibdir](/files/2016/1/1200x630/14604291634256527719_1200x630.jpg)
Brüssel, 12 aprel, AZƏRTAC
Avropa İttifaqı məsələlərini işıqlandıran “Theparliamentmagazine.eu” xəbər saytında “Avropa Parlamentinin üzvləri Avropa Qonşuluq Siyasətini yenidən nəzərdən keçirməyə çağırırlar” adlı məqalə yayılıb.
Məqalədə bildirilir ki, Avropa Parlamentinin üzvləri Ermənistanla Azərbaycan arasında gərginliyin artmasını Avropa Qonşuluq Siyasətinin “ölü nöqtəyə dirəndiyinin” göstəricisi hesab edir və onun tamamilə yenidən nəzərdən keçirilməsinə ehtiyac yarandığını vurğulayırlar.
Avropa Parlamentinin Latviyadan olan üzvü Andrejs Mamikins müsahibəsində deyir: “Biz Azərbaycanı küsdürdüyümüz üçün (Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsini nəzərdə tutaraq) parlamentlərarası əməkdaşlıq çərçivəsində əlaqələr dayandırılıb. Azərbaycanla əlaqələrin normallaşdırılması vacibdir. İlk növbədə biz Azərbaycandan üzr istəməliyik. Biz, Avropa İttifaqı ölkələri qonşuluq siyasətinə üzv ölkələrdən nə istədiyimizi müəyyən edə bilmirik”.
Latviyadan olan başqa bir deputat, eyni zamanda, xarici əlaqələr komitəsinin üzvü İveta Grigule bildirir: “Avronest Parlament Assambleyasında Azərbaycanın üzvlük məsələsi müzakirə edilməkdədir. Bu, o deməkdir ki, Azərbaycan bu müzakirələrdə kənarda qalmamalıdır. Ölkə öz problemləri haqqında danışmalıdır, tez və ya gec onun səsi mütləq eşidiləcək”. Deputat, həmçinin Avropa Parlamentinin Azərbaycanla bağlı keçən il qəbul etdiyi qətnaməni səhv addım adlandıraraq əlavə edir: “Azərbaycan və Aİ bu kimi halların mövcudluğuna baxmayaraq, birlikdə işləməyə davam etməlidir. Latviya da kiçik ölkədir, biz də Aİ tərəfindən bəzən tənqid olunuruq. Biz bunun necə ağrılı olduğunu anlaya bilirik, çünki Azərbaycan kimi, Latviya da hər zaman əlindən gələnin ən yaxşısını edir”.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel