Tibb bacısı və mamalığın gücləndirilməsi üzrə simpozium
Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və TƏBİB-lə birgə təşkil etdiyi “Tibb bacısı və mamalığın gücləndirilməsi üzrə Azərbaycan simpoziumu”nun açılış mərasimi keçirilib.
ÜST-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirilib ki, simpoziumun məqsədi dünyada tibb bacısı və mamalıq təcrübəsi və təhsilində yenilik, islahat və dəyişiklikləri bölüşmək, həmçinin, ÜST-nin “Tibb bacısı və mamalıq üzrə qlobal strateji istiqamətlər”ində müəyyən edilmiş sahələr üzrə Azərbaycanda tibb bacısı və mama işinin vəziyyətini müzakirə etməkdir.
Açılış mərasimində ÜST-nin eksperti Halil İbrahim Durak, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Fazil Hüseynbəyov, İTSDA-nın Analitika və statistika şöbəsinin müdiri Rəşad Çobanlı, TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov və Azərbaycan Tibb Universitetinin ictimai səhiyyə fakültəsinin dekanı Anar Ağayev çıxış ediblər. Simpoziumun iştirakçıları tibb bacısı və mamalar, elm adamları, tələbələr və qərarverici şəxslər, o cümlədən ÜST-nin Avropa Regionunun müxtəlif ölkələrindən gəlmiş ekspert və tibb bacılarıdır.
Simpozium çərçivəsində “Tibb bacısı və mamaların göstərdiyi xidmətlər və vəzifələri” (12 dekabr), “Tibb bacısı və mamalıq təhsili” (13 dekabr) və “Liderlik” (14 dekabr) mövzularında 3 panel müzakirəsi keçiriləcək. Həmçinin müxtəlif forum və təlim kursları baş tutacaq. On iki mövzuda keçirilən kurslarda 300-dən çox azərbaycanlı tibb bacısı və mama iştirak edəcək.
Tədbir tibb bacısı və mamalar, ekspertlər və qərarverici şəxslər arasında fikir mübadiləsinin genişləndirilməsi, eləcə də yerli, regional və beynəlxalq səviyyələrdə tibb bacıları və mamalar arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin gücləndirilməsinə yardımçı olacaq.
Simpozium dekabrın 14-dək davam edəcək.