Tibb müəssisələrinin laboratoriyaları yenilənir
Bakı, 14 dekabr, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən həyata keçirilən “Tibb müəssisələrinin laboratoriyalarının standartlaşdırılması” layihəsi çərçivəsində tabeli tibb müəssisələrinin laboratoriyaları tamamilə yenilənir.
AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, layihə çərçivəsində Sumqayıt Tibb Mərkəzinin, Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun, Respublika Klinik Xəstəxanasının, Elmi-Tədqiqat Pediatriya İnstitutunun, Abşeron Rayon Mərkəzi Xəstəxanasının, Salyan Rayon Mərkəzi Xəstəxanasının və digər tibb müəssisələrindəki tibbi laboratoriyalar beynəlxalq standartlara uyğun olaraq yenidən təsnif edilərək təşkil olunub.
Laboratoriyalarda Biokimya, Hematologiya, Mikrobiologiya və İmmunologiya bölmələri fəaliyyətə başlayıb.
Avtomatlaşdırılmış sistemlərin tətbiqi ilə analiz nəticələrinin hazır olma müddəti dəfələrlə qısalıb, bütün analizatorların “E-Təbib” proqram təminatına, kodlaşdırılmış test nəticələrinin sistemə avtomatik inteqrasiyası təmin edilib.
Artıq ambulator və stasionar pasiyentlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfinə daxil olan 600-dək laborator xidməti tam şəkildə, ən müasir tələblərə və protokollara uyğun olaraq əldə edə biləcəklər. Pasiyentlər analizlərinin nəticələrini analiz verdikləri tibb müəssisəsinə gəlməklə, həmçinin müəssisəyə gəlmədən onlayn şəkildə əldə edə bilərlər.
Qeyd edək ki, layihə çərçivəsində davamlı tibbi təhsil proqramı da tətbiq edilir. Proqrama uyğun olaraq laboratoriyaların həkim və laborantlarına, qanalma tibb bacılarına müasir nəzəri və praktik təlimlər keçirilir.