İQTİSADİYYAT
Tikinti müəssisələrində investisiya resurslarından səmərəli istifadə olunmalıdır


Bakı, 3 iyun, AZƏRTAC
Tikinti sektorunun inkişafı ölkə iqtisadiyyatında mühüm yer tutur. Müasir dövrdə tikinti müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsinə yönəldilən müxtəlif investisiya layihə və proqramların hazırlanması və reallaşdırılması tikinti müəssisələrinin gəlirlərinin dayanıqlı artırılmasına imkan yaradır. Bu baxımdan tikinti müəssisələrinin resurslarının istifadəsi üzrə bir sıra tədbirlərin həyata keçirilməsi də qarşıda duran prioritet məsələlərdəndir.
AZƏRTAC xəbər verir ki, bu istiqamətdə tikinti müəssisələrinin investisiya imkanlarının optimallaşdırılması və investisiya resurslarının səmərəli idarə edilməsi mühüm əhəmiyyətə malikdir.
Aparılan təhlillər göstərir ki, tikinti müəssisələrinin investisiya strategiyasının işlənməsində investisiya resurslarının formalaşmasının bütün müxtəlif mənbələrdən ancaq əsasları nəzərə alına bilər.
Bu müəssisələrə cəlb edilmiş qısamüddətli və uzunmüddətli resursların səmərəli idarə edilməsi investisiya fəaliyyətinin əlverişli olmasını təmin etməlidir. Tikintidə cəlb edilmiş uzunmüddətli resursların (kreditlərin) məbləği çoxdursa, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi həcmi də çox olacaq və onların səmərəli istifadəsi tikinti müəssisələrinin prioritet məsələlərindən biridir.
Vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra müəssisələrin hesabında qalan mənfəət investisiyaların maliyyələşdirilməsinin xüsusi mənbələri arasında əsas yer tutur.
Qeyd edək ki, tikinti müəssisələrində maşın və avadanlıqların xüsusi çəkisinin 50 faizə qədər yüksəlməsi normal hal kimi qiymətləndirilir. İnvestisiyalar sözügedən müəssisələrdə əsas fondların artımını təmin etməklə onların fəaliyyətinin iqtisadi cəhətdən inkişafına və onun maddi-texniki bazasının möhkəmləndirilməsinə yol açır. Eyni zamanda, investisiyaların effektivlik göstəriciləri əhəmiyyətli dərəcədə əsas fondlardan istifadəsinin səmərəliliyi ilə şərtlənir.
İnvestisiya resurslarının istifadə olunması məqsədlərinin seçilməsi daxildə baş verən proseslərlə yanaşı, həm də xarici mühitdə dəyişikliklərlə bağlıdır.
Bazar münasibətləri şəraitində ölkəmizdə maliyyə risklərinin əsas tərkib hissəsi hesab edilən investisiya riskləri heç də az yer tutmur. Riskin azaldılması həm çeviklik, həm də məqsədyönlü fəaliyyət tələb edir. Mütəxəssislərin fikrincə, risklərin idarə edilməsi istehsal fəaliyyətinə təsirinin yumşaldılması üzrə kompleks tədbirlərin işlənib hazırlanması və reallaşdırılmasını nəzərdə tutur.
Ümumilikdə isə tikinti müəssisələrinin investisiya fəaliyyətinin istiqamətlərinin müəyyən edilməsi strategiyası resurs yanaşmasına uyğun hazırlanmalı və həyata keçirilməlidir. Resurs yanaşmasının istifadəsinə müvafiq olaraq, tikinti müəssisələrinin investisiya fəaliyyətinin tənzimlənməsi tikinti obyektlərinin idarə edilməsini yaxşılaşdırır.
İnvestisiya fəaliyyətinin istiqamətlərinin müəyyən edilməsində başlıca amillərdən biri də mənfəətin maksimuma çatdırılması üçün kompleks təhlilin aparılmasıdır.