DÜNYA
“TJP”: Dopamin hormonu məşqlər zamanı beyini daha sürətlə reaksiya verməyə vadar edir
Bakı, 17 yanvar, AZƏRTAC
Yaponiyanın Tohoku Universitetindən və digər elmi müəssisələrdən olan alimlər fiziki fəaliyyətin insanın zehni qabiliyyətinə müsbət təsirinin fizioloji mexanizmini aşkarlayıblar.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, tədqiqatın nəticələri “The Journal of Physiology” (TJP) elmi jurnalında dərc edilib. Bundan əvvəlki araşdırmalara görə, hətta o qədər də intensiv olmayan bir məşq belə insanın koqnitiv tapşırıqları həll etmək qabiliyyətini qaldıra və onun reaksiyasını kəskinləşdirə bilər. Lakin bu yaxınlaradək bu təsirin hansı proseslərlə şərtləndiyi aydın deyildi.
Alimlər yeni tədqiqatda fikirlərini xoşbəxtlik və məmnunluq hisslərinin bağlı olduğu mühüm hormon - dopamin üzərində cəmləşdiriblər. Məlumdur ki, fiziki fəaliyyət zamanı beyinə dopamin ötürülür. Mütəxəssislər zehni bacarıqların yaxşılaşmasının bu neyromediatorun azad edilməsi ilə bağlı olduğunu ehtimal edirlər.
Tədqiqatın gedişində komanda iki eksperiment aparıb. Birincidə iştirakçılar 40 dəqiqəlik intensiv məşq keçməli, daha sonra koqnitiv reaksiyanın sürətini müəyyən etmək üçün tapşırıq yerinə yetirməli olublar. İkinci testdə iştirakçılar fiziki fəaliyyəti imitasiya edən əzələlərin elektrostimulyasiyasına məruz qalıblar. Sonra könüllülər zehni reaksiyaları müəyyən edən tapşırıqlar yerinə yetiriblər. Nəticələr göstərib ki, mükəmməl fiziki məşq dopamini azad edir və insanın koqnitiv bacarıqlarını yaxşılaşdırır.
Alimlər belə qənaətə gəliblər ki, dopamin təkcə məmnunluqla bağlı deyil, həm də koqnitiv funksiyalarda, xüsusən də reaksiya müddətinin yaxşılaşmasında həlledici rol oynayır.