İDMAN
Tokio Paralimpiadasının alovu Yaponiyanın paytaxtına gətirilib
Tokio, 20 avqust, AZƏRTAC
Avqustun 20-də XVI Paralimpiya Oyunları ərəfəsində Tokioda məşəl estafetinin son mərhələsi başlayıb.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar mərasim paytaxt meriyasının qarşısında baş tutub. Mərasimdə Tokio prefekturasına daxil olan 62 bələdiyyədə yandırılan məşəllər “Tokio atəşi” adlı vahid kompozisiyada toplanıb.
Mərasimdə çıxış edən Tokio qubernatoru Yuriko Koike deyib: “Mən bu gün bu alovu toplamaqda əməyi olan hər kəsə çəkdikləri zəhmətə görə minnətdaram. Ümid edirəm ki, avqustun 24-də başlayacaq Paralimpiada uğurlu və təhlükəsiz olacaq”.
Həmçinin bildirilir ki, bu gün axşam Akasaka sarayında təşkil ediləcək ikinci mərasimdə Yaponiyanın 47 prefekturasından gətirilən alovlar bir yerə toplanacaq. Həmin mərasimdə Baş nazir Yoşihide Suqa da iştirak edəcək.
Qeyd edək ki, Yaponiyada koronavirus pandemiyasına görə Paralimpiya məşəl estafeti ixtisar edilmiş formada keçirilib. Tokio da daxil olmaqla ölkənin bir çox prefekturalarında hazırda qüvvədə olan fövqəladə vəziyyət rejiminə görə kütləvi tədbirlərin təşkilinə icazə verilmir. İlkin olaraq ümumi uzunluğu 35 kilometr təşkil edəcək qaçışda 700 nəfərin iştirakı nəzərdə tutulurdu. Lakin bu formatdan və ümumi yollardan istifadə etməmək qərara alınıb.
Xatırladaq ki, Tokio Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçirilib və yarışların əksəriyyətinə tamaşaçılar buraxılmayıblar. Yaponiya paytaxtında Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək təşkil ediləcək və bu yarışlara da azarkeşlər buraxılmayacaqlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio