TONİ BLEYER BAŞ NAZİR VƏZİFƏSİNDƏN VAXTINDAN ƏVVƏL GEDƏCƏK
Britaniya hökumətinin başçısı üzvü olduğu Leyboristlər Partiyasında onu əvəz edəcək şəxs tapıldıqdan sonra istefa verəcəkdir. O demişdir: “Leyboristlərə başqa lider lazımdır. Ümidvaram ki, belə lider tapılacaq və mən tezliklə bu işdən uzaqlaşacağam”.
Qəzet yazır ki, Bleyerin nə vaxt istefa verəcəyini heç kim bilmir, çünki Baş nazir siyasi sabitliyin pozulacağından çəkinir. Britaniya hökumətinin başçısı əvvəllər dəfələrlə bəyan etmişdi ki, müddəti başa çatmayınca vəzifəsindən getmək niyyətində deyildir. Lakin Bleyer varisinin 2009-cu ildə keçiriləcək seçkilərə hazırlaşmasına daha çox vaxt qalması üçün istefa vermək qərarına gəlmişdir.
Britaniya Baş nazirinin populyarlığı son vaxtlar xeyli azalmışdır. İctimai rəy sorğularının nəticələrinə görə, onun fəaliyyətindən britaniyalıların yalnız 26 faizi razıdır. Bu, leyborist hökumətlərinin başçıları arasında 1960-cı ildən bəri ən aşağı göstəricidir. Qəzetin yazdığına görə, buna son vaxtlar hökumət üzvləri ilə əlaqədar yaranan qalmaqallar səbəb olmuşdur.
Yüksək vəzifəli leyboristlərin bir hissəsi yerli seçkilərdə məğlubiyyətdə Bleyeri təqsirləndirir.