TÖRƏDİLMİŞ CİNAYƏTDƏ TƏQSİRİ QANUNLA SÜBUTA YETİRİLƏCƏK ŞƏXSLƏR MƏSULİYYƏTƏ CƏLB OLUNACAQLAR
Radikal mövqedən çıxış edən ayrı-ayrı müxalifət partiyalarının nümayəndələri fasiləsiz mitinqlərin başlandığını elan etmiş, iştirakçıları yerə oturaraq meydanı tərk etməməyə, kütləvi itaətsizliyə çağırmışlar. Toplantını keçirmə qaydasının pozulması haqqında daxili işlər orqanları əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara məhəl qoymayan yürüş-mitinqin təşkilatçıları aksiya iştirakçılarını hakimiyyət nümayəndələrinə qarşı zor tətbiqi ilə müqavimət göstərməyə təhrik etmişlər.
Nəticədə, qanunla müəyyən edilmiş xidməti vəzifə borcunu yerinə yetirən polis və daxili qoşun qüvvələrinin 46 əməkdaşı və hərbi qulluqçusu, eləcə də mitinq iştirakçılarından bəziləri müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.
Fakt üzrə Azərbaycan Respublikası baş prokurorunun qərarı ilə Cinayət Məcəlləsinin 315.2-ci və 233-cü maddələri ilə cinayət işi başlanılmış və ibtidai istintaqın aparılması Bakı Şəhər Prokurorluğuna tapşırılmışdır.
Törədilmiş cinayət hadisəsinin tam, hərtərəfli və obyektiv araşdırılması, təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetiriləcək şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri təmin olunacaqdır.