Torontodakı icmamız beynəlxalq təşkilatları Azərbaycanın sülh səylərini dəstəkləməyə çağırıb
Bakı, 17 avqust, AZƏRTAC
Kanadanın Toronto şəhərində fəaliyyət göstərən Azərbaycan icması ölkəmizin sülh səylərinin dəstəklənməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi adından Birləşmiş Millətlər Təşkilatının müvafiq institutlarına və digər beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Azərbaycan əsilli kanadalılar Ermənistandakı revanşist əhval-ruhiyyəli qüvvələrin və erməni diasporunun yolverilməz əməlləri nəticəsində Cənubi Qafqaz regionunda yaranmış mövcud vəziyyətdən dərin narahatlıq keçirdiklərini qeyd ediblər.
Bəyanatda 2020-ci ildə baş vermiş müharibədən sonra qalmış aktual problemlərin həll olunmadığı, Ermənistan silahlı qüvvələri tərəfindən döşənmiş minalar nəticəsində indiyədək Azərbaycanın 300-dən çox günahsız mülki vətəndaşının və hərbi qulluqçusunun öldüyü və yaralandığı, regional əməkdaşlığa sadiqliyini qonşu Gürcüstanın timsalında sübut edən Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumağa çalışdığı, Xankəndi-Laçın yolunun açıq olduğu diqqətə çatdırılıb.
“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi beynəlxalq təşkilatları bu kritik və önəmli mərhələdə ermənilərin əsassız iddialarına inanmamağa, işğaldan azad edilmiş Qarabağ bölgəsində irimiqyaslı bərpa-yenidənqurma layihələri həyata keçirən Azərbaycanın mövqeyini dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşkilinə yardım göstərməyə çağırıb.