REGİONLAR
Tovuz “ASAN Həyat” kompleksinin açılışından iki il ötür - REPORTAJ VİDEO
Tovuz, 4 mart, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuz rayonunda “ASAN Həyat” kompleksinin açılışından iki il keçir. Kompleksin ərazisində “ASAN xidmət” mərkəzi, “ASAN radio”, “ABAD” mərkəzi, “ABAD Factory” bitkilərin emalı və qurudulması fabriki, kinoklub, “ABAD məktəb” təlim mərkəzi, Hərbi Vətənpərvərlik Mərkəzi, “ASAN kafe” fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, 2020-ci il martın 4-də Prezident İlham Əliyev Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. Mərkəz Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy və Samux rayonlarında qeydiyyatda olan 737 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərir. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb.
“ASAN Həyat” kompleksinin xidmətindən istifadə edən Tovuz rayon sakini Hamlet Hacıyev deyib: “72 sot pay torpağında taxıl əkmişəm. Taxıla dövlət tərəfindən ayrılan subsidiya ilə bağlı “ASAN xidmət”ə müraciət etdim. Deyildi ki, mənə ayrılan subsidiya yaxın günlərdə kartıma köçürüləcək. Əməkdaşların hamısı məni gülərüz qarşıladılar. Xidmətdən çox razıyam”.
Rusiya vətəndaşı Məhluqə Aslanova isə “ASAN xidmət” mərkəzinə vəsiqə almaq üçün müraciət edib. O da əməkdaşların xidmətindən razılığını bildirib. “Bizi çox yaxşı qarşıladılar. Çox gözəl xidmət göstərirlər. “ASAN xidmət”ə təşəkkür edirəm”, - deyə Məhluqə Aslanova əlavə edib.
Tovuz regional “ASAN xidmət” mərkəzinin əməkdaşı Aygün Cabbarlının sözlərinə görə, mərkəz açıldığı gündən indiyədək 525 minə yaxın vətəndaşa xidmət göstərilib. Mərkəzdə müxtəlif dövlət orqanlarının, şirkətlərin və müəssisələrin 320-dən çox xidməti həyata keçirilir.
Kompleksdə yerləşən “ABAD Factory” bitkilərin emalı və qurudulması fabrikində sifariş əsasında 31 çeşid çay məhsulunun istehsalı həyata keçirilir. Həmin məhsulların 10 çeşidi hazırda ABAD vasitəsilə pərakəndə satışa çıxarılır. Çayla yanaşı, burada yerli meyvə quruları da istehsal edilir və satışı həyata keçirilir.
Tovuz “ABAD məktəb”ində hazırda tibb sahəsinin nəzəri hissəsini özündə ehtiva edən kurslar təşkil olunur.
Vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş “ASAN kafe” isə eyni anda 64 nəfərə xidmət göstərə bilir. Bundan başqa, kafedə müxtəlif oyun avadanlıqları olan uşaq əyləncə guşəsi də var.
Hərbi Vətənpərvərlik Mərkəzində gənclər hərb tariximiz, ordu quruculuğu barədə geniş məlumatlar almaqla yanaşı, ibtidai hərbi hazırlıq təlimlərində də iştirak edirlər. Mərkəzin “ASAN xidmət”də yerləşməsi isə yeniyetmələrin və gənclərin günün istənilən vaxtı rahat və maneəsiz buraya gəlmələrinə əlverişli imkan yaradır.
Kompleksdə fəaliyyət göstərən kinoklubda isə hərəsinin 63 nəfər yeri olan 2 ədəd kinozal var. Bundan başqa, kompleksin həyətində vətəndaşların asudə vaxtlarını xoş keçirmələri üçün park salınıb. Parkın ərazisində fəvvarə, uşaq əyləncə guşəsi, konsert meydançası və açıq havada 24 yerlik kafe fəaliyyət göstərir.