CƏMİYYƏT
Tovuzda qanunsuz fəaliyyət göstərən ərzaq mağazasında istehlaka yararsız məhsul aşkar edilib

Bakı, 28 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Tovuz rayonunun İbrahim Hacılı kəndində qanunsuz fəaliyyət göstərən ərzaq satışı mağazasına baxış keçirilib.
Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi üzrə dövlət qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texniki normativ sənədlərin tələblərinin kobud şəkildə pozulduğu müəyyən olunub. Mağazada 44 adda ümumi çəkisi 153 kiloqram olan müxtəlif çeşiddə istifadə müddəti bitmiş yeyinti məhsullarının (şirniyyat, meyvə şirəsi, qazlı içki, konservləşdirilmiş balıq məhsulu və şokolad yağı) satışının həyata keçirildiyi aşkar edilib.
Aşkar olunmuş faktla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, istehlaka yararsız qida məhsulunun satışı qadağan edilib.