İQTİSADİYYAT
TRANSFORMATOR İSTİSMAR YERİNƏ GƏTİRİLMİŞDİR
Ağcabədi rayonunda tikilən 330/110 kilovoltluq yardımçı stansiya üçün 280 MVA gücündə avtoransformator istismar yerinə gətirilmişdir. “Azərenerji” Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirmişlər ki, transformator əvvəlcədən hazırlanmış bünövrə üzərinə qoyulmuşdur və yaxın vaxtlarda “Simens” şirkətinin mütəxəssisləri ilə birlikdə quraşdırma işlərinə başlanacaqdır.
Transformator Zaqrebdə (Xorvatiya) hazırlanmış və Aralıq dənizi, Qara dəniz, sonra isə Volqa-Don kanalı vasitəsilə Bakı dərinlik özülləri zavodunun yanalma körpüsünə gətirilmişdir. Onun gətirilməsi ilə “Azərenerji” SC-nin və İsveçrənin “Panalpina” şirkətinin mütəxəssisləri məşğul olmuşlar.
Bütün çətinliklərə baxmayaraq, müşayiətçi ekspeditorlar 210 tonluq yükü Ağcabədi rayonuna çatdırmışlar.
İşlərin 85 faiz yerinə yetirildiyi yardımçı stansiyanın özündə isə ikinci kommunikasiyanın quraşdırılması başa çatmışdır. Hazırda transformatorun sazlanması və sınaqdan çıxarılması işləri gedir. Ekspertlərin proqnozlarına görə, stansiya bu il fevralın axırlarında - martın əvvəllərində istifadəyə hazır olmalıdır.
Onun işə salınması respublikanın mərkəzi və cənub-qərb bölgələrini elektrik enerjisi ilə daha səmərəli səviyyədə və fasiləsiz təmin etməyə imkan verəcəkdir.
Xatırladaq ki, bu yardımçı stansiya “Mingəçevir enerji layihəsi” çərçivəsində “Simens” şirkətinin iştirakı ilə tikilir. Layihənin həyata keçirilməsi üçün “Azərenerji” Avropa Yenidənqurma və İnkişaf Bankından və İslam İnkişaf Bankından kreditlər almışdır.