Tullantıların idarə olunması məqsədilə işğaldan azad olunan ərazilərə yeni texnikalar göndərilir
Bakı, 15 may, AZƏRTAC
Vətən müharibəsində qazanılan Qələbədən sonra işğaldan azad olunan ərazilərdə ilk fəaliyyətə başlayan qurumlardan biri də “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətidir. Bərk məişət tullantılarının idarə olunması sahəsində müsbət təcrübəsi nəzərə alınaraq Prezident İlham Əliyev tərəfindən 2021-ci il iyunun 22-də imzalanan Sərəncamla qurumun fəaliyyət dairəsi genişləndirilib və Şuşa şəhərində tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi cəmiyyətə həvalə edilib.
“Təmiz Şəhər” ASC-dən AZƏRTAC-a verilən məlumata görə, ilkin mərhələdə ətraf mühitə mənfi təsirlərin azaldılması, bərk məişət tullantılarının müasir ekoloji və texnoloji idarəetmə sisteminin yaradılması istiqamətində lazımi işlərin icrasına başlanılıb. Xüsusi texnika və işçi qüvvəsi cəlb olunaraq şəhərin ərazisi illərlə yığılmış tullantılardan təmizlənib. Tullantıların yığılması məqsədilə xüsusi konteynerlər gətirilərək müəyyən olunmuş tullantı meydançalarına yerləşdirilib. Hazırda müasir ekoloji və texnoloji yeniliklər nəzərə alınaraq quraşdırılan yeraltı konteynerlər, kağız, şüşə, metal-plastik və qarışıq olmaqla tullantıların dörd növdə çeşidlənməsi üçün infrastrukturun yaradılması istiqamətində işlər davam etdirilir.
Ölkə başçısının 2022-ci il 2 iyul tarixli Fərmanı ilə işğaldan azad olunan bütün ərazilərdə tullantıların idarə olunması “Təmiz Şəhər” ASC-yə tapşırılıb. Cəmiyyət tərəfindən tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi ilə bağlı infrastrukturun yaradılması üçün bu bölgədə poliqon yerləri müəyyənləşdirilib, alınan yeni texnikaların və avadanlıqların həmin ərazilərə göndərilməsinə başlanılıb.
Yeni texnikalar ətraf mühitin mühafizəsi istiqamətində müasir yanaşmaların tətbiqinə imkan yaradacaq və tullantıların daşınması, yerləşdirilməsi, eləcə də zərərsizləşdirilməsi işini asanlaşdıracaq.