Turin derbisində “Yuventus” qalib gəlib
Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 5-də futbol üzrə İtaliya A Seriyasının 10-cu turunun oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, son çempion “Yuventus” klubu “Alianz” stadionunda Turin şəhərin digər təmsilçisi “Torino” komandasını qəbul edib.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı erkən qolla “Torino” açıb. Qonaqların heyətində Nikola Nkulu fərqlənib.
Fasilədən sonra 78-ci dəqiqədə turinlilər hesaba tarazlıq gətirib on dəqiqə sonra isə hesabda önə keçib. Müvafiq olaraq Veston Makkenni və Leonardo Banucci fərqləniblər.
Bu qələbədən sonra xal ehtiyatını 20-ə çatdıran “Yuventus” turnir cədvəlində 3-cü yerə yüksəlib. “Torino” isə 6 xalla 18-ci yerdə qərarlaşıb.
Turun açılış günün digər görüşündə “Latsio” klubu səfərdə “Specia” komandasından üstün olub - 2:1.