Turistlərə intellektual oyunlarda iştirak etmək xidmətlərini təklif etməyi bacaran bələdçilər hazırlanır
Bakı, 15 yanvar, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Yeniliyə Doğru” Gənclər Fondu tərəfindən “Oyun həftəsi - intellektual həftəsonu” layihəsi həyata keçirilib.
AZƏRTAC-a nazirlikdən verilən məlumata görə, layihədə məqsəd intellektual oyunlar və yarışlar vasitəsilə turistlər üçün yeni turistik xidmətlərinin təklif edilməsi, bunun üçün tələb olunan bələdçilərin (animatorların) hazırlanması və onlara müvafiq təlimin keçirilməsidir.
Masaüstü intellektual oyunlar - iki və daha artıq, əsasən isə qrup şəklində təşkil olunan oyunlardır. Bu oyunlarda oyunçular öz intellekt, bilik və bacarıqlarını nümayiş etdirir, düzgün qərarlar qəbul edərək qalib olurlar. Ölkəmizə gələn turistlərə intellektual oyunlarda, müsabiqələrdə iştirak etmək xidmətlərini təklif etməyi bacaran bələdçilərin hazırlanması layihənin hədəfi kimi müəyyən edilib. Animatorlar intellektual oyunlar və müsabiqələr təşkil etməklə, şəhərimizin sakinləri və qonaqları arasında xoş münasibətlərin qurulmasına və ünsiyyətin yaradılması istiqamətində fəaliyyətlər aparacaqlar.
İntellektual oyunların təşkili üzrə bələdçi-animatorların hazırlanması məqsədilə cari ilin yanvarda 25 gəncin iştirakı ilə 4 günlük təlim kursu keçirilib. Təlim prosesində iştirakçılar bir neçə modul üzrə biliklərə və praktiki bacarıqlara yiyələniblər. Masaüstü oyunları populyar edən amillər, oyunçuların bir araya gəlməsinə səbəb olan faktorlar, intellektual oyunların beynəlxalq standartları, marketinqi, dizaynı, oyunların qaydalarının izah edilməsi və oyun ajiotajının yaradılması texnikası, həmçinin mübahisəli vəziyyətlərin həlli yolları kimi praktiki biliklər gənclərə öyrədilib. Təlim kursunun davamı olaraq, gənclərin iştirakı ilə 15 masaüstü oyun növü üzrə nümunəvi oyunlar təşkil olunub.
Layihənin yekununda iştirakçılar sertifikatlarla təltif ediliblər.