“Türk dünyasının mədəniyyət paytaxtı” – konfrans
Bakı, 5 dekabr, AZƏRTAC
AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan olunması münasibətilə tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Tədbiri açan institutun direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev konfransın mövzusunun əhəmiyyətindən danışıb.
Sonra institutun Azərbaycanın beynəlxalq əlaqələr tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, professor Tofiq Mustafazadə “Üçtərəfli Bəyanatdan Şuşa Bəyannaməsinə: Cənubi Qafqazda yeni geosiyasi durumun formalaşmasında mühüm mərhələ” mövzusunda məruzə ilə çıxış edib.
Konfransda “Şuşanın Türk dünyasının hərb tarixində yeri”, “Şuşa şəhəri Azərbaycan Xalq Cümhuriyyəti dövründə”, “XIX-XX əsrin əvvəllərində Şuşanın beynəlxalq iqtisadi əlaqələri”, “Böyük “terror” illərində repressiyaya məruz qalmış şuşalı qadınlar”, “Şuşanın qədim tarixi abidələrinin Azərbaycan memarlıq üslubuna uyğun bərpası”, “Zəfər yolu: Qarabağ savaşından 10 noyabr bəyanatınadək”, “2021-ci il 15 iyun Şuşa Bəyannaməsi” mövzularında məruzələr dinlənilib.