Türk iş adamları Azərbaycanda valyuta rejiminin yumşaldılmasını dəstəkləyiblər
Bakı, 24 fevral, AZƏRTAC
Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB) Azərbaycanda valyuta rejiminin yumşaldılması ilə bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) qərarını dəstəkləyiblər.
TÜİB-dən AZƏRTAC-a bildirilib ki, qurumun sədri Hüseyin Büyükfırat bu addımın yerli və xarici iş adamları, biznes dünyası və ümumilikdə ölkə iqtisadiyyatı üçün müsbət nəticələr verəcəyini bildirib.
“Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar iş adamlarına daha yaxşı biznes şəraiti yaratmaqla iqtisadiyyatın inkişafına dəstək verməkdədir. Bu addımlardan biri də AMB-nin valyuta rejimi ilə bağlı fevralın 20-də qəbul edilən qərarı idi. Bu qərar xaricdən avadanlıq, xammal və yarımfabrikatların gətirilməsinə dəstək verir və bu sahədəki indiyədək mövcud problemləri aradan qaldırır. Məlum olduğu kimi, xaricdən alınan avadanlıqların, məhsulların, yarımfabrikatın və sair malların istehsalı, hazırlanması və göndərilməsi üçün müəyyən müddət tələb olunur. Bəzi hallarda indiyədək mövcud olan 270 günlük müddətdə bu işləri tamamlamaq mümkün olmadığından problemlər yaranır, iş adamlarına cərimələr tətbiq edilirdi. Yeni qərar, yəni bu müddətin uzadılması isə əsl sərmayəçilərin və iş adamlarının qarşısını açacaq, xarici valyutanın ölkədən yalnız məqsədinə uyğun olaraq çıxarılmasına imkan verəcək. TUİB olaraq yeni qərarı dəstəkləyir və bu kimi digər yeni islahatların davamını gözləyirik. Hesab edirik ki, belə addımlar iş adamlarının Azərbaycanda daha da fəallaşmasına, iqtisadiyyata dəstəyinin güclənməsinə və yatırımlarının daha da yüksəlməsinə gətirib çıxaracaq”, - deyə o qeyd edib.
Xatırladaq ki, Mərkəzi Bankın idarə heyətinin 20 fevral tarixli qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər təsdiq olunub. Dəyişikliklərə əsasən, qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 gündən ən geci 2 il müddətinədək uzadılıb, eyni zamanda, idxal olunmayan mal və xidmətlərin dəyəri 10000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılıb. Qərar son illər ölkənin tədiyə balansı göstəricilərində müşahidə edilən yaxşılaşma prosesləri, gömrük nəzarətinin, bütövlükdə valyuta nəzarətinin gücləndirilməsi istiqamətində aparılan islahatların müsbət nəticələri nəzərə alınmaqla qəbul olunub.