Türk Standartları İnstitutu “Ekol Mühəndislik Xidmətləri”ndə xarici audit keçirməyə başlayıb
Bakı, 3 iyul, AZƏRTAC
Türk Standartları İnstitutunun (TSİ) Azərbaycandakı təmsilçiləri “Ekol Mühəndislik Xidmətləri” QSC-də növbəti xarici audit keçirməyə başlayıb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, “Ekol Mühəndislik Xidmətləri”ndə İnteqrə edilmiş Menecment Sistemləri üzrə keçiriləcək xarici auditin açılış toplantısı keçirilib. Türk Standartları İnstitutunun Azərbaycandakı təmsilçiləri tərəfindən QSC-də növbəti xarici auditin keçirilməsinə başlanıb.
Cəmiyyətin baş ofisində keçirilən auditin açılış toplantısında rəhbərlik, departament və şöbə rəisləri, həmçinin TSİ-nin Azərbaycandakı təmsilçisi Gülhanarzu Yüzereroğlu, auditorlar Selim Çelebi, Xatirə Salahova və Namiq Həsənov iştirak edib.
QSC-nin baş direktoru Ramil Əliyev TSİ-nin təmsilçiləri və toplantı iştirakçılarına ötən dövr ərzindəki fəaliyyət barədə məlumat verib. Bildirib ki, bu il ISO 9001-2015 “Keyfiyyət İdarəetmə Sistemi” və ISO 14001-2015 “Ətraf mühit İdarəetmə Sistemi” yeni versiyaya keçid, ISO 9001-2015 “Keyfiyyət İdarəetmə Sistemi” və OHSAS 18001 “Əməyin mühafizəsi və təhlükəsizliyi” sertifikat yeniləmə auditi keçiriləcək.
TSİ-nin Azərbaycan üzrə təmsilçisi G.Yüzereroğlu qeyd edib ki, “Ekol Mühəndislik Xidmətləri” QSC Azərbaycanda ISO 9001, ISO 14001 və OHSAS 18001 BIS-i qəbul edən və onun tələblərini uğurla həyata keçirən nümunəvi şirkətlərdən biridir. O, beynəlxalq standartlar sahəsində QSC-də görülən işlərdən və əvvəlki auditin nəticələrindən razı qaldıqlarını vurğulayaraq, keçiriləcək növbəti xarici auditin də müsbət nəticələrlə başa çatacağına əminliyini bildirib.
QSC-nin baş direktoru auditin şəffaf və işgüzar şəraitdə keçirilməsi üçün hərtərəfli şərait yaradıldığını diqqətə çatdırıb. Xarici audit QSC-nin struktur bölmələri əhatə olunmaqla iyul ayının 3-dən 6-dək keçirilməsi nəzərdə tutulub.