Türk Tarix Qurumu ilə Türkiyə-Azərbaycan tarixinə dair birgə layihələr müzakirə olunub
Ankara, 17 iyul, AZƏRTAC
Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Ankaradakı Türk Tarix Qurumunun rəhbəri professor Yüksel Özgen ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Türk Tarix Qurumunda keçirilən görüşdə Yüksel Özgen Azərbaycan ilə münasibətlərə xüsusi əhəmiyyət verdiklərini qeyd edərək ölkəmizə səfərləri, rəhbəri olduğu təşkilatın Azərbaycan tarixi ilə bağlı layihələri və nəşrləri haqqında danışıb. O bildirib ki, Türk Tarix Qurumunun fəaliyyətinin əsas məqsədi türk xalqlarının tarixi və Türkiyə tarixi ilə bağlı mövzuların, türklərin bəşəriyyətə verdiyi töhfələrin araşdırılması, təbliği və elmi dəyəri olan əsərlərin nəşr edilməsidir.
Özgen Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlığın da önəmli olduğunu vurğulayıb.
Mərkəzin direktoru Samir Abbasov Azərbaycan-Türkiyə arasında yüksək səviyyəli əlaqələrin iki ölkənin qurumları arasında əməkdaşlığa dair mühüm imkanlar açdığını söyləyib. O, böyük potensiala malik nüfuzlu təşkilat olan Türk Tarix Qurumunun tariximizin müxtəlif dövrlərinə aid tədqiqatlar aparmaq, mühüm əsərlər yaratmaq və dünyaya tanıtmaq kimi imkanlarının olduğunu və bu istiqamətdə əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Samir Abbasov 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən Azərbaycan ərazilərində infrastrukturla yanaşı, tarixi abidələrin dağıdıldığını və digərlərinin saxtalaşdırıldığını qeyd edib. O, 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlanıldığını vurğulayıb. Samir Abbasov türkiyəli alimlərin, tarixçilərin ortaq tariximizin birgə tədqiqi, Qərbi Azərbaycandan soydaşlarımızın öz yurdlarından dəfələrlə deportasiyası, azərbaycanlıların bu torpaqlarda yaratdığı böyük mədəni irs və abidələr mövzusunda elmi tədqiqatların aparılmasını təklif edib.
Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi İslam Quliyev Türk Tarix Qurumunun Azərbaycan tarixinə dair layihələri haqqında danışaraq gələcəkdə Azərbaycan alimləri ilə birgə tədqiqatlar aparılmasının əhəmiyyətli olacağını vurğulayıb. O, səfirliyin və onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə layihələrə daim dəstək göstərməyə hazır olduğunu vurğulayıb.
Görüşdə tərəflər irəli sürülmüş təkliflərlə bağlı birgə əməkdaşlığa və ortaq layihələrə dair razılıq əldə ediblər.
Ankara