Türkiyə Prezidenti Samsunda gənclərlə görüşüb
Ankara, 11 dekabr, AZƏRTAC
Ömrünü bu əziz xalqa xidmətə həsr etmiş bir ağsaqqal kimi sizinlə keçirdiyim hər anda daha da həvəslənir və enerji alıram. Əslində bizim gəncliyimizin gündəmi ilə sizin gündəminiz arasında fərq Türkiyənin haradan-haraya gəldiyini göstərmək baxımından çox önəmlidir. Biz isə Türkiyənin qadağalarının, məhrumiyyətlərinin, yoxsulluğunun bütün yükünü öz çiynində daşımış bir nəslin nümayəndəsiyik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Samsunda Ömər Halisdəmir İdman Kompleksində gənclərlə görüşündə ifadə edib.
Yeni qurulan təsisatların açılış mərasimindən sonra keçirilən görüşdə ali təhsil almaq, peşə qazanmaq, mütəxəssis olmaq məsələlərində xatirələrini bölüşən gənclər gələcək planlarından, karyera qurmaq istəklərindən danışaraq diqqətə çatdırıblar ki, ölkədə həyata keçirilən nəhəng quruculuq layihələri bir tərəfdən yeni iş yerlərinin açılmasına təkan verirsə, digər tərəfdən gənclərdə özünəinam hissini artırır.
Cənglərin suallarını cavablandıran dövlət başçısı qaldırılan məsələlərlə bağlı fikirlərini bölüşüb.
Türkiyədə ali məktəblərin sayının 76-dan 208-ə çatdırıldığının xatırladan Rəcəb Tayyib Ərdoğan deyib ki, ölkənin hər tərəfində universitetlər qurmaqda məqsəd türk gənclərinin ali təhsil almaq arzularının gerçəkləşməsini asanlaşdırmaqdır.
Dövlət başçısı müdafiə sənayesi, təbii qaz təchizatı, o cümlədən yeni texnologiyalara sahib olmaq istiqamətində Türkiyədə atılan addımlardan danışıb. Prezident “Bayraktar Kızılelma”nın möhtəşəm olduğunu ifadə edərək ona gözəl uçuşlar arzu edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara