Türkiyədə Türkiyə-Azərbaycan beynəlxalq münasibətlər mövzusunda simpozium keçirilib
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru, professor Cəfər Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə “Birinci Türkiyə-Azərbaycan beynəlxalq münasibətlər” mövzusuna həsr olunan simpoziumun iştirakçısı olub. Beynəlxalq tədbiri Kastamonu Universiteti ATMU ilə birgə təşkil edib.
ATMU-dan AZƏRTAC-a verilən məlumata görə, C.Cəfərov simpoziumda Azərbaycan ilə Türkiyə arasında əlaqələrin böyük tarixindən danışaraq bildirib ki, ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər. Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa, Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya siyasətində gücünün və rolunun artırması deməkdir. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” kəlamları həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir.
C.Cəfərov rəhbərlik etdiyi ali məktəbin 2013-cü ildən Mövlanə Mübadilə Proqramı çərçivəsində Kastamonu Universiteti ilə sıx əməkdaşlıq etdiyini qeyd edib.
“İkinci Türkiyə-Azərbaycan beynəlxalq münasibətlər” mövzusuna həsr olunan simpoziumun 2016-cı ilin payızında Azərbaycanda keçirilməsi qərara alınıb.