CƏMİYYƏT
Türkiyədə Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb VİDEO
İstanbul, 27 sentyabr, Günel Karatepe, AZƏRTAC
Türkiyənin Kocaeli şəhərinin Gölcük rayonunda Azərbaycanın 44 günlük Vətən müharibəsi şəhidlərinin Anım Mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Kocaeli Bələdiyyəsi sədrinin müavini Berna Abiş, Gölcük Bələdiyyəsinin sədri Ali Yıldırım Sezer, Gölçük rayonunun məhəllə muxtarları, yerli əhali, ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak ediblər.
Mərasimdə çıxış edənlər Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfəri bütün Türk dünyasının bayramı kimi qiymətləndiriblər. Bildirilib ki, bütün dünya üçün nümunə olan Qarabağ Zəfəri Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, Ordumuzun peşəkarlığı və xalqımızın sarsılmaz birliyi sayəsində əldə olunub. Bu böyük Zəfər həm də xalq-dövlət-ordu birliyinin ən gözəl nümunəsi kimi tarixə qızıl hərflərlə yazılıb.
Çıxışlarda Azərbaycan hərbçilərinin Qarabağda göstərdiyi bənzərsiz şücaət barədə danışılıb.
Əsrlərə söykənən Türkiyə-Azərbaycan qardaşlığını vurğulayan natiqlər bu birliyin iki ölkə Prezidentinin liderliyi ilə hər il daha da bərkiyərək əbədi olacağına əminliklərini ifadə ediblər.
Tədbir çərçivəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Gölcükdə yaradılan meşəlik ərazinin ilk 50 tingi əkilib. Təxminən 20 min kvadratmetrlik ərazidə salınan yaşıllıqda ümumilikdə mindən çox ağac əkiləcək. Bal meşəsi olacaq əraziyə arıların cəlb edilməsi məqsədilə cökə, şabalıd və akasiya kimi ağacları əkiləcək.