Türkiyəli professor MDU-nun magistrantları üçün ustad dərsi keçib
Bakı, 16 dekabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) Türkiyənin Qazi Universitetinin Texnoloji fakültəsinin dəstəyi ilə növbəti ustad dərsi keçirilib.
MDU-dan AZƏRTAC-a bildirilib ki, Magistratura və Doktorantura Təhsil Mərkəzinin təşkilatçılığı ilə hibrid formatda keçirilən ustad dərsi turbinlərin tənzimlənməsi fənni üzrə mövzuları əhatə edib. Dərsdə universitetin bir qrup akademik heyət üzvü və istilik energetikası mühəndisliyi ixtisası üzrə təhsil alan magistrantları iştirak ediblər.
İnteraktiv şəkildə təşkil olunan ustad dərsində Qazi Universitetinin Texnoloji fakültəsinin Enerji mühəndisliyi bölməsinin professoru Adem Acır mövzu ilə bağlı təqdimatla çıxış edib və iştirakçıların suallarını cavablandırıb. Dərsdə, həmçinin fənnin sillabusunun təkmilləşdirilməsi və tədrisinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, cari tədris ilindən MDU-da magistratura səviyyəsində tədris olunan fənlər üzrə tərəfdaş Türkiyə universitetlərinin dəstəyi ilə ustad dərslərinə başlanılıb. Əsas məqsəd universitetdə magistratura təhsilinin məzmununun yenilənməsinə və keyfiyyətinin yüksəldilməsinə, eləcə də müvafiq ixtisaslar üzrə müəllim və tələbələrin bilik və bacarıqlarının artırılmasına töhfə verməkdir. Ustad dərsləri ilə bağlı təşkilati işlərə MDU-da fəaliyyət göstərən türkiyəli qonaq professorlar Cemal Yılmaz və Evren Güçer koordinatorluq edirlər.