TÜRKİYƏNİN ƏDLİYYƏ NAZİRİ BƏZİ AVROPA ÖLKƏLƏRİNİN ERMƏNİ MƏSƏLƏSİNDƏKİ MÖVQEYİNİ TƏNQİD ETMİŞDİR
Cəmil Çiçək demişdir: “Siz bir tərəfdən fikir azadlığını zəruri sayıb, digər tərəfdən qondarma “erməni soyqırımını” inkar edənləri cəzalandırmağınız yolverilməzdir. Halbuki, bu məsələ tarixi araşdırmalar tələb edir və Türkiyə hökuməti artıq həqiqətin nədən ibarət olduğunu bilmək üçün öz arxivlərini də açmışdır. Tarixi məsələlərdən siyasi məqsədlər üçün istifadə edilməsi heç də düzgün yanaşma deyildir”.
Kristof Bloçer isə qondarma “erməni soyqırımı” olmamışdır dediklərinə görə, onun ölkəsində Türk Tarix Cəmiyyətinin sədri Yusuf Halacoğlu və Türk İşçi Partiyasının lideri Doğu Perincekin əleyhinə cinayət işlərinin açılmasından təəssüfləndiyini bildirərək, İsveçrənin bu məsələnin araşdırılması üçün tarixçilərdən ibarət komissiya yaradılması ideyasını dəstəklədiyini bildirmişdir. O, İsveçrədə yəhudi soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun olduğunu, lakin sözdə “erməni soyqırımı” ilə bağlı belə bir qanunun onlara yalnız başağrısı gətirdiyini söyləmişdir.
Sonda türkiyəli həmkarını İsveçrəyə səfərə dəvət etmiş Kristof Bloçer demişdir ki, əgər Cəmil Çiçək də qondarma “soyqırımı” inkar edən bəyanat verərsə və həbs olunarsa mən də onunla birlikdə həbsə girəcəyəm.