Türkiyənin Kastamonu vilayətində Ümummilli Liderin əziz xatirəsi yad edilib
Kastamonu, 12 may, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 93-cü ildönümü münasibətilə Türkiyənin Kastamonu şəhərində “Heydər Əliyev xatirəsinə: Azərbaycan-Türkiyə münasibətləri” mövzusunda mərasim təşkil olunub.
Azərbaycanın Türkiyədəki səfirliyi və Kastamonu Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə səfirliyin əməkdaşları, universitetin tələbə və müəllim heyəti, ictimaiyyət nümayəndələri, KİV və QHT təmsilçiləri iştirak ediblər.
Tədbir ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səslənib.
Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən sənədli filmin nümayişindən sonra Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov, Kastamonu Universitetinin rektoru Səyit Aydın, şəhər valisi Şəhmus Günaydın, universitetin professoru Şərifə Uzun və səfirliyin təhsil müşaviri Nəcibə Nəsibovanın çıxışları dinlənilib. Çixışlarda Ulu Öndərin Azərbaycanda dövlət quruculuğu, ölkəmizin dünyada layiqli yer tutması və digər sahələrdəki misilsiz xidmətlərindən bəhs olunub.
Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətləri barədə ümumi məlumat verən səfir Faiq Bağırov Azərbaycanın müstəqil dövlət olaraq inkişaf yoluna qədəm qoymasında Heydər Əliyev dühasının rolundan, uzaqgörən inkişaf strategiyasından, ölkəmizin xarici siyasətinin uğurlarında Türkiyənin müstəsna rolundan, iki ölkə münasibətlərinin inkişafına göstərdiyi xidmətlərdən geniş şəkildə bəhs edib. Ankaradakı diplomatik nümayəndəliyimizin rəhbəri diqqətə çatdırıb ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası Prezident İlham Əliyevin idarəetməsində mühüm əzmlə qorunur.
Tədbir çərçivəsində səfirliyin təhsil müşavirliyi tərəfindən təşkil olunan inşa müsabiqəsinin qaliblərinə mükafatlar və tədbirin təşkilatlçılarına plaketlər təqdim olunub.
Tədbir Ulu Öndərə həsr edilən şeirlərin oxunması ilə yekunlaşıb.
Səfir F.Bağırov səfər çərçivəsində Kastamonu Universiteti rektoru Səyit Aydın və şəhər valisi Şəhmus Günaydın ilə ayrı-ayrılıqda görüşlər keçirib. Ulu Öndərimizə həsr olunmuş belə bir mötəbər tədbirin keçirilməsi təqdirəlayiq hal olduğunu vurğulayan F.Bağırov qeyd edib ki, Ümummilli Liderə göstərilən bu ehtiram Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinə daha bir nümunədir.
Vali və rektor görüşlərdə Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin bütün dünyada dövlətlərarası münasibətlərə örnək olduğunu diqqətə çatdıraraq qeyd ediblər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə mərasim keçirmək Kastamonu əhalisi üçün qürurvericidir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Kastamonu