TÜRKİYƏNİN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
Bayramsayağı bəzədilmiş sarayda əvvəlcə tanınmış müğənni Azərin Azərbaycan Respublikasının Dövlət himnini və Türkiyə Cümhuriyyətinin İstiqlal marşını ifa etdi.
Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı salona toplaşanları salamlayaraq dedi ki, iki dövlət bu sarayda bir millət kimi birləşmişdir. Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası parlaq gələcəyə doğru uğurla irəliləyir.
Tarixə müraciət edən səfir xalqlarımızın daim bir-biri ilə yaxınlığa can atdığını, Azərbaycanın yenidən müstəqilliyə qovuşmasından sonra bu arzunun reallığa çevrildiyini bildirdi. O, iftixarla vurğuladı ki, Türkiyə yenidən müstəqillik əldə etmiş Azərbaycanın gələcəyinə böyük ümidlə baxır. Azərbaycanın dünya ölkələri ailəsində özünə layiqli yer tutması yolunda atdığı hər yeni addım Türkiyə üçün qürur mənbəyidir. Eyni millətə mənsub iki müstəqil dövlətin övladları kimi, biz bir-birimizdən güc alır və bunu yüksək dəyərləndiririk.
Diplomat regional layihələrin reallaşmasında hər iki dövlətin əməkdaşlığını yüksək qiymətləndirdi. Eyni zamanda bildirdi ki, Ermənistanın Türkiyə və Azərbaycanla sülh və dinc əməkdaşlıq şəraitində yaşaması, ilk növbədə, onun öz xalqının xeyrinədir. Ermənistan hökuməti bu iradəni ortaya qoymalıdır. Əks təqdirdə bölgədə silahlanma yarışına rəvac verilə bilər. Turan Moralı xüsusi vurğuladı ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyünə hörmət çərçivəsində həllində Türkiyənin azərbaycanlı qardaşlarına dəstəyi tamdır.
Noyabrın 6-da Azərbaycanda parlament seçkilərinin uğurla keçiriləcəyinə dərin inamını söyləyən diplomat çıxışını “iki böyük liderin -Mustafa Kamal Atatürkün və Heydər Əliyevin düz yoluna sədaqət borcumuzdur” sözləri ilə bitirdi.
Sonra çıxış edən Milli Məclisin sədri Murtuz Ələsgərov qardaş Türkiyənin bu bayramı Azərbaycan xalqı üçün də eyni dərəcədə əziz olduğunu vurğulayaraq, əlamətdar gün münasibətilə mərasim iştirakçılarını, bütün türk xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik etdi, onun salamlarını və xoş arzularını çatdırdı.
Azərbaycan və Türkiyənin bir millətin iki dövləti olduğunu xatırladan M.Ələsgərov dost və qardaş ölkələrin sıx əməkdaşlıq etməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin rolundan da söz açdı.
Milli Məclisin sədri Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin ölkələrimizin sürətli inkişafına, Qafqazda sülh və əmin-amanlığın təmin olunmasına xidmət edəcəyini vurğuladı. O, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələrindən də danışdı, ölkələrimizin nümayəndələrinin beynəlxalq təşkilatlarda sıx əməkdaşlığı yaxşı səmərə verdiyini bildirdi.