Türkiyənin şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsini anma tədbirləri davam etmişdir
Ankara, 27 fevral (AZƏRTAC). Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı tədbirlər Türkiyənin şəhərlərində və Şimali Kiprdə davam etmişdir.
Türkiyə Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə Şimali Kiprin Lefkoşa şəhərində anma mərasimi keçirilmişdir.
Tədbirdə Şimali Kipr parlamentinin sədri Həsən Bozer, deputatlar iştirak etmişlər.
H.Bozer bildirmişdir ki, qardaş Azərbaycanın kədəri, o cümlədən Xocalı faciəsi kiprli türklərin də faciəsidir. Xocalı soyqırımı insanlıq əleyhinə işlənmiş bir cinayətdir və bu cür vəhşi qətliamların təkrarlanmaması üçün onun günahkarları beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılmalıdır.
İstanbulda da Xocalı soyqırımı tədbirləri davam etmişdir. Türkiyə Ülkü Ocaqları Təhsil və Mədəniyyət Fondunun sədri Gökmen Kantarın təşkil etdiyi toplantıda və Mərmərə Universiteti və Türk-Azərbaycan Dostluq, Kültür və Dayanışma Dərnəyinin sədri Salih Bayraktarın keçirdiyi konfransda Xocalı soyqırımı haqqında film nümayiş etdirilmiş, fotosərgi təşkil olunmuşdur.
İstanbulun “Kanyon” ticarət mərkəzində isə Vahid Mustafayevin lentə aldığı “Xoca” filminin təqdimatı olmuşdur. Azərbaycanın İstanbuldakı baş konsulluğunun əməkdaşları, iş adamları, Türkiyənin tanınmış sənətçiləri bu filmə tamaşa etmişlər.
Eskişehirde Xocalı soyqırımının ildönümü ilə bağlı daha bir tədbir keçirilmişdir. Türkiyə Azərbaycan Qardaşlıq Platformu Topluluğunun təşkil etdiyi konfransda çıxış edən sədr Elvin Əjdərli ermənilərin Azərbaycanda törətdikləri Xocalı soyqırımı və digər qətliamlar haqqında məlumat vermiş, rəsm sərgisinin açılışı olmuşdur.
Aydın şəhərindəki Türk Ocağının təşkil etdiyi konfransda da Xocalı soyqırımı qurbanlarının xatirəsi anılmışdır. Təşkilatın sədri Eyüp Doyuran bildirmişdir ki, Xocalı qətliamı bəşər tarixində ən qanlı cinayətlərdən biri kimi qalacaqdır. Türkiyə ictimaiyyəti bütün səviyyələrdə qardaş Azərbaycanın haqq işini dəstəkləməyə davam etməli, Dağlıq Qarabağın işğaldan qurtarmasına nail olmalıdır.
Kayseri şəhərindəki Cümhuriyyət Meydanında da Xocalı soyqırımı ilə bağlı mitinq keçirilmişdir. “Turan” mədəniyyət dərnəyi, həmkarlar konfederasiyalarının yerli şöbələrinin təşkilatçılığı ilə keçirilmiş mitinqdə çıxış edən Təhsil İşçiləri Konfederasiyası Kayseri şöbəsinin müdiri Duran Mətin bildirmişdir ki, Xocalı qurbanlarının yeganə “günahı” onların türk olması idi. Təəssüf ki, 4 ölkənin parlamenti bu qətliamı soyqırımı kimi tanısa da, türkdilli ölkələrin heç biri bu addımı atmamışdır.
Kayseri sakinləri “Qarabağa özgürlük!”, “Xocalıya ədalət!” şüarları səsləndirmiş, meydandakı palıd ağacına “Azerbaycan Türkleri Soykırımı Anma Anıtı” lövhəsini asmışlar.
Kastamonu şəhərində Türkiyə Məmur Vəqfi (TÜRKAV) yerli şöbəsinin sədri Cevdet Yakupoğlu Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı anma mərasimi keçirmişdir. Tədbirdə XX əsrin ən dəhşətli faciəsi haqqında ətraflı məlumat verilmiş, türk xalqının hər zaman qardaş Azərbaycanın haqq işini dəstəkləyəcəyi vurğulanmışdır.
İzmirdə təhsil alan azərbaycanlı tələbələr də Xocalı soyqırımının ildönümü ilə bağlı mərkəzi meydanda mitinq keçirmişlər.
Tələbələr adından mətbuat açıqlaması verən Ramin Cəfərov gəncləri xalqımızın bu faciəsini dünya birliyinə tanıtmaq üçün daha fəal olmağa çağırmışdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara