Türkmənistanda BMT-nin konfransı çərçivəsində Parlamentlərarası Forum keçirilir
Bakı, 4 avqust, AZƏRTAC
Bu gün BMT-nin Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr üzrə üçüncü Konfransı çərçivəsində Türkmənistanın Avaza Milli Turizm Zonasında Parlamentlərarası Forum işə başlayıb.
AZƏRTAC TDH agentliyinə istinadla xəbər verir ki, tədbirdə dünyanın müxtəlif ölkələrindən parlament spikerləri, o cümlədən Milli Məclisin sədri Sahibə Qafarova iştirak edirlər.
Forumun əsas məqsədi parlamentarilər arasında təcrübə mübadiləsini asanlaşdırmaq, qarşıdakı onillik üçün Fəaliyyət Proqramının prioritetlərinin qanunvericilik və digər fəaliyyətlərə daxil edilməsi üzrə konkret tədbirlərin işlənib hazırlanması ilə bağlı dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin qanunverici orqanlarına tövsiyələr hazırlamaq və yaymaqdır. Bu tədbir Vyana Fəaliyyət Proqramının həyata keçirilməsi təcrübəsini bölüşməyə, o cümlədən yerli, milli və regional səviyyələrdə parlamentarilərin siyasi fəaliyyəti ilə Avaza Fəaliyyət Proqramının sürətləndirilmiş icrasını təşviq etməyə imkan verəcək.
İştirakçı ölkələrin coğrafi mövqeyi ilə bağlı aktual məsələlərin həllinə yönəlmiş Yeni Fəaliyyət Proqramının qarşıdan gələn icrasında parlamentlərə əsas rol həvalə edilib. Bundan əlavə, parlamentarilər qarşıdakı onillik üçün Fəaliyyət Proqramının icrasının şəffaflığını, hesabatlılığını və inklüzivliyini təmin edir və bununla da hökumətlər, vətəndaş cəmiyyəti və beynəlxalq tərəfdaşlar arasında mühüm əlaqə rolunu oynayır. Onlar Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün əsas amil olan milli və regional səviyyələrdə vəsaitlərin toplanması və fəaliyyətlərin əlaqələndirilməsini fəal şəkildə təşviq edirlər.
Proqramın icrasının monitorinqi və qiymətləndirilməsində də qanunvericilik orqanları əsas mövqelərdən birini tutur ki, bu da potensial problemlərin vaxtında aşkarlanmasına və strateji fəaliyyət sahələrinin müəyyənləşdirilməsinə imkan verir. Parlamentarilərin qanunvericilik və nəzarət funksiyaları investisiya və innovasiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına kömək edir.
Türkmənistan Məclisinin və BMT-nin az inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri üzrə Ali Nümayəndəliyinin Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilən budəfəki Forumda MDB-nin dövlət qurumlarının və parlamentlərinin, eləcə də beynəlxalq təşkilatların rəhbərləri və nümayəndələri iştirak edirlər.