Türkmənistandakı səfirliyimizdə Milli Qurtuluş Günü qeyd edilib
Bakı, 15 iyun AZƏRTAC
Azərbaycanın Türkmənistandakı səfirliyində Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin əməkdaşları, ictimaiyyət və mətbuat nümayəndələri, eləcə də Aşqabadda yaşayan soydaşlarımız iştirak ediblər.
Səfir Həsən Zeynalov çıxış edərək 1993-cü ildə Azərbaycanda baş verən gərgin ictimai-siyasi və hərbi vəziyyət, dövlət idarəçiliyinin tamamilə itirilməsi, vətəndaş qarşıdurması barədə məlumat verib.
Vəziyyətdən çıxış yolunu Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsində, baş verənlərin qarşısını almaq üçün hadisələrə birbaşa müdaxilə etməsində görən xalqımız Ulu Öndərin yenidən siyasi hakimiyyətdə təmsil olunması üçün onu Bakıya dəvət etdi. Xalqın müraciətinə biganə yanaşmayan Heydər Əliyev iyunun 15-də Bakıya qayıtdı və ölkədə ictimai-siyasi sabitliyi yaradaraq dövləti böhran vəziyyətindən çıxartdı.
Heydər Əliyev Qarabağda davam edən müharibəni dayandıraraq problemin sülh yolu ilə həlli istiqamətində uğurlu addımlar atdı. Sabitliyi bərpa etdikdən sonra Azərbaycan dünya dövlətləri tərəfindən hörmətlə qarşılandı və bunun nəticəsində 1994-cü ildə “Əsrin müqaviləsi” neft kontraktları imzalandı. Heydər Əliyev Qərbin iri neft şirkətlərini ölkəyə sərmayə qoymağa dəvət etdi və Azərbaycan iqtisadi inkişaf yoluna qədəm qoydu.
Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz 44 günlük Vətən müharibəsində Qarabağı işğaldan azad etdi.
Tədbirdə iştirak edən soydaşlarımız da çıxış edərək 1993-cü ildən sonra Azərbaycanda qayda-qanunun yaradılmasından, Ulu Öndərin həyata keçirdiyi iqtisadi islahatlardan danışıblar. Qeyd olunub ki, bu gün çiçəklənən Azərbaycan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şah əsəridir.
Sonda tədbir iştirakçıları Milli Qurtuluş Günündən bəhs edən sənədli filmə baxıblar.