Türkologiya” jurnalı Rusiya Milli Kitabxanasına təqdim edilib
Bakı, 23 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) beynəlxalq kitab mübadiləsi istiqamətində fəaliyyətini genişləndirir. MEK tərəfindən Rusiya Milli Kitabxanasına “Türkologiya” jurnalının 2020-ci il üzrə 1, 2, 3 və 4 saylı nüsxələri göndərilib.
Bu barədə AZƏRTAC-a MEK-in İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən bildirilib. Qeyd olunub ki, Rusiya Milli Kitabxanasının rəhbərliyi MEK-in baş direktoru, professor Məmməd Əliyevə kitab-bilik mübadiləsinə, dəyərli elmi mənbələrə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, MEK Rusiya Dövlət Kitabxanası, Rusiya Milli Kitabxanası, Rusiya Elmlər Akademiyasının Təbii Elmlər Kitabxanası, B.Yeltsin adına Rusiya Prezident Kitabxanası, “Sodeystvie” mədəniyyət-təhsil proqramlarına yardım fondu, A.Soljenitsın adına Moskva Rus Mühacirliyi Evi, həmçinin Rusiya Federasiyasının regional kitabxanaları ilə əməkdaşlıq edir, birgə tədbirlər keçirir, kitab mübadiləsi aparır. MEK-in Diplomatik fondunda fəaliyyət göstərən “Rusiya Federasiyası” guşəsində Rusiyanın elmi müəssisələri tərəfindən kitabxanaya hədiyyə olunmuş 500-dən artıq nəşr mövcuddur. Həmçinin MEK-in Xarici dillərdə ədəbiyyat fondunda rus dilində müxtəlif ədəbiyyatlar, sənədlər saxlanılır ki, bunların arasında ən mühümləri e-kataloqa daxil edilərək rəqəmsallaşdırılıb.